Accessibility links

Azərbaycanda insan alveri problemləri müzakirə edilir


Bakıda “İnsan alveri qurbanlarının milli istiqamətləndirilməsi mexanizmi” mövzusunda dəyirmi masa işinə başlayıb. Tədbir Beynəlxalq Əmək Təşkilatı, ATƏT, Miqrasiya Siyasətinin Hazırlanması üzrə Beynəlxalq Mərkəz, Azərbaycan Daxili İşlər nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə idarəsinin birgə həyata keçirdiyi və Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Cənubi Qafqazda insan alverinin qarşısının alınması” layihəsi çərçivəsində keçirilib. Məruzələrdə Azərbaycanda insan alverinə qarşı mübarizənin təşkili, milli qanunvericilik, beynəlxalq əməkdaşlıq məsələlərinə toxunulub.
Daxili İşlər nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə idarəsinin rəisi Cavad Şıxəliyev bildirib ki, 2004-2008-ci illərdə insan alverinə qarşı mübarizə sahəsində 4 milyon manat dövlət vəsaiti xərclənib. “2009-cu ildə isə Daxili İşlər nazirliyinin büdcəsindən insan alverinə qarşı mübarizə sahəsinə 500 min manat, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası xətti ilə isə vətəndaş cəmiyyətlərinə 83 min manat qrant verilib. İnsan alveri qurbanlarına dövlət tərəfindən konpensasiya da verilir. Bu yaxınlarda konpensiyalar beynəlxalq qaydalara uyğun olaraq 600 manatadək artırılacaq”.
Onun sözlərinə görə, bu ildə insan alveri ilə bağlı 71 cinayət faktı qeydə alınıb. “Aparılan tədbirlər nəticəsində 18 cinayətkar qrup, o cümlədən 1 mütəşəkkil dəstə zərərsizləşdirilib, 65 cinayətkar ifşa edilib”.
Rəisin dediyinə görə, bu il insan alveri qurbanı olan 82 nəfərdən 47-si, o cümlədən bir uşaq sığınacağa yerləşdirilib. “Onların 17 nəfəri işlə təmin edilib, 32 nəfər peşə kurslarına göndərilib. İnsan alveri qurbanlarından 76 nəfərə birdəfəlik müavinət, 43 nəfərə İnsan alveri qurbanlarına Kömək Fondu yardım verib, məhkəmələr 11 qurbana dəymiş maddi ziyamın ödənilməsinə nail olub”.
O mənəviyyat əleyhinə əməllərə görə 217, o cümlədən fahişəliyə cəlb etməyə görə 72, əxlaqsızlıq yuvaları saxlanılması ilə bağlı 34 cinayət aşkar edildiyini bildirib. “Bu cinayətləri törədən 160 nəfər məsuliyyətə cəlb edilib. Fahişəliklə bağlı 749 nəfər barəsində qanunvericiliklə nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri görülüb”.
Beynəlxalq Əmək Təşkilatının məsləhətçisi Zsolt Dudas hesab edir ki, Azərbaycan insan alverinə qarşı milli mübarizə mexanizmlərini yaradıb. Onun dediyinə görə, ölkədə bu sahədə qanunvericilik bazası yaradılıb, beynəlxalq sənədlərə qoşulub və dövlətin fəaliyyət proqramı var. “Növbəti mərhələdə insan alverinin qarşısının alınması ilə bağlı əməliyyat prosedurları standartını hazırlayacağıq”.
Ekspert hesab edir ki, insan alverinə qarşı səmərəli mübarizə aparmaq üçün dövlət, qeyri hökumət və beynəlxalq təşkilatlar birgə işləməlidir.
Tədbirdə iştirak edən qeyri hökumət təşkilatlarının təmsilçiləri Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində son illər müsbət işlərin görüldüyünü qeyd edib. “Ancaq bu işlər hələ ki, daha çox cinsi istismar məqsədi ilə insan alveri qurbanlarını əhatə edir. Qanunsuz əmək miqrantları sahəsində də işlər görülməlidir”, - Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirib.
Onun dediyinə görə, Azərbaycanda çoxsaylı qanunsuz əmək miqrantları var. “Azərbaycanda Serbiya və Bosniyadan olan yeddi yüzədək qanunsuz əmək miqrantı var. Onların pasportları alınıb, son beş ayda əmək haqqı ilə təmin edilmir. Miqrantları ölkəyə "SerbAz" şirkəti gətirib.
Bu insanlar Bakıda Gənclər və İdman nazirliyinin Neftçi İdman bazasında 5 binada, Mingəçevirdə isə iki binada (150) yaşayır. 8 kvadratmerlik otaqda 15-16 nəfər 3 mərtəbəli çarpayılarda gecələyir. Onlara şəhərdə gəzintiyə çıxmaq üçün xüsusi buraxılış vərəqi verilir. Pasportları aeroportda alınıb və vətənlərinə dönə bilmir".
Öz növbəsində, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev bu barədə onlara hər hansı məlumat və ya şikayətin daxil olmadığını bildirib. Onun sözlərinə görə, əmək miqrantları ilə digər qurumlar məşğul olur. "Həmin qurumlar bu sahədə istismar müəyyən etdikdə polisə müraciət etməlidir".
Çıxışlarda həmçinin Azərbaycandan insanların, xüsusilə qadınların Birləşmiş Ərəb Əmirliklərinə, Türkiyəyə, Rusiyaya və İrana aparıldığı bildirilib.
Azərbaycanda “İnsan Alverinə Qarşı Mübarizə haqqında” qanun 28 iyun 2005-ci ildə qüvvəyə minib. 2004-2008 və 2009-2013-cü illəri əhatə edən Milli Fəaliyyət Proqramları qəbul edilib. Daxili İşlər Nazirinin müavini Vilayət Eyvazov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib. Nazirliyin nəzdində İnsan Alverinə qarşı Mübarizə İdarəsi və “Qaynar Xətt” xidməti fəaliyyət göstərir.
Azərbaycan Nazirlər Kabineti "İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları"nı təsdiq edib. Milli İstiqamətləndirmə Mexanizmi qurbanların hüquqlarının qorunmasını və onların təhvil verilməsini, təhlükəsizliyini, repatriasiyasını, sosial reabilitasiyasını təmin edəcək sistemin yaradılmasını əhatə edir. Sənədə əsasən qurbanlara pulsuz tibbi və psixoloji yardımla təmin edilməlidir.

XS
SM
MD
LG