Accessibility links

Dəyirmi Masa: İranda ABŞ səfirliyinə hücumun ildönümü və hazırkı siyasi situasiya


Bu həftə İranda ABŞ səfirliyinin ələ keçirilməsinin 30-cu ildönümü qeyd olundu. Hökumət tərəfdarları ənənəvi olaraq Tehran küçələrində “Amerikaya ölüm!” şüarları səsləndirdi. Lakin iyun ayının prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifət tərəfdarları ölkənin bir neçə şəhərində bu olay münasibətilə hökumətə qarşı etiraz aksiyaları təşkil etdilər. Bu hadisənin İranın siyasi tarixindəki rolu, İrandan yaşanan hazırkı gərginliklər və İran azərbaycanlılarının duruma reaksiyası ətrafında diskussiya aparmaq üçün bu həftənin dəyirmi masa söhbətinə Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi və Kanadadakı əməkdaşımız İnsafəli Hidayəti dəvət etdik.

Tehran küçələrində baş verən qarşıdurmanı şərh edərkən İnsafəli Hidayət rejimin narazılıq işarələrini hər vəchlə boğmağa çalışdığını qeyd etdi. İyun ayında keçirilən prezident seçkilərindən bəri İran hökuməti çox sayda müxalifətçini həbs etmiş, və cəmiyyətdə qorxu xofu yaratmışdır. Lakin əvvəlki illərə nisbətən İslam rejiinin anti-Amerika təmayüllü nümayişləri sönük keçib və İran ictimaiyyəti daxilində kəskin anti-Amerika əhval-ruhiyyəsi duyulmur. ABŞ səfirliyinin ələ keçirilməsində iştirak etmiş tələbələrdən demək olar ki, heç biri hökumətin sponsorluq etdiyi tədbirdə iştirak etməyib. Professor Qulamrza Təbrizinin sözlərinə görə rejim vətəndaşların gözündə öz siyasi legitimliyini itirib. Belə ki, insanlar onlarla illərlə söylənilən yalanlardan və nifrət şüarlarından təngə gəliblər.

Prezident Barak Obamanın səfirliyin ələ keçirilməsinin ildönümü münasibətilə açıqladığı bəyanata reaksiya verən cənab Təbrizi bu addımı müdrik siyasət kimi dəyərləndirdi. Onun sözlərinə görə əvvəlki administrasiyalar İran hökumətinə qarşı düşmən mövqe sərgiləməklə ona insanları öz ətrafına toplamaq üçün fürsət verirdilər. Lakin hazırkı anda, Vaşinqtonun Tehrana dialoq əlini uzatdığı bir vaxtda rejim rəhbərliyinin anti-Amerika şüarları səsləndirməsi qeyri-səmimi görünür. İnsafəli Hidayətin fikrincə isə İran cəmiyyətində Amerikadan demokratiya məsələləri ilə bağlı müəyyən gözləntilər mövcuddur. Obama administrasiyasının insan hüquqları və demokratiya məsələlərini arxa plana çevriməsi isə insanlarda belə təsəvvür yaradır ki, Birləşmiş Ştatlar dar çərçivədə öz milli maraqlarını güdür.
XS
SM
MD
LG