Accessibility links

Dəyirmi Masa: Azərbaycanda internet və blogerlər


İnformasiya mübadiləsi sahəsində internetin rolu gün-gündən artmaqdadır. Son bir neçə ildə Azərbaycanda çoxlu sayda internet portalları təsisi olunub ki, bunlar vətəndaşlara ölkədə baş verən hadisələr, siyasi, iqtisadi və mədəni yeniliklər haqda məlumat verir. Bundan əlavə internet blogerləri müntəzəm qaydada öz düşüncələrini və rəylərini ictimaiyyətlə bölüşür. Azərbaycanda blogerlər Adnan Hacızadə və Emin Millinin həbsləri bu ölkədə internet fəaliyyətinə diqqəti yenidən aktuallaşdırıb. Bu mövzuda diskussiya aparmaq üçün həftənin dəyirmi masa söhbətinə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz, İqtisadi Blogerlər Birliyinin sədri Natiq Cəfərov və Blogerləri Müdafiə Komitəsinin sədri Erkin Qədirlini dəvət etdik.

Qonşu ölkələrlə Azərbaycandakı vəziyyəti müqayisə edən Osman Gündüz internetin keyfiyyətində ciddi qüsurlar olduğunu önə çəkdi. Onun sözlərinə görə son aylarda Azərbaycanda internetdən istifadənin qiyməti xeyli azalsa da sürət və keyfiyyət baxımdan imkanlar geridə qalır. Bundan əlavə Azərbaycanda Aztelekom və Bakinternetin internetə tam nəzarət etməsi sağlam rəqabətin formalaşmasına mane olur. Osman Gündüz əlavə etdi ki, indiyədək də Azərbaycanda internetin istifadəsi əsasən hökumət tərəfindən tənzimlənir və onun inhisarındadır. Natiq Cəfərov da Osman bəyin fikirlərini bölüşdüyünü deyərək onun təmsil etdiyi İqtisadi Blogerlər Birliyinin internetdən istifadə ilə bağlı araşdırmalar apardığını söylədi. Tapıntılar göstərir ki, Azərbaycanda vətəndaşlara təqdim olunan rəsmi rəqəmlərlə həqiqi göstəricilər arasında ciddi fərq mövcuddur. Bu fərq özünü ələlxüsus internetin zəif sürətində büruzə verir.

Blogerləri Müdafiə Komitəsinin sədri Erkin Qədirli internetlə bağlı problemlərin kökündə Azərbaycanda siyasi azadlıqlara qopyulan məhdudiyyətlərdə görür. Onun sözlərinə görə hökumətin mülkiyyət azadlığına basqıları rəqabət mühitinin formalaşmasını əngəlləyir. Belə olan şəraitdə başqa texnologiya sahələri ilə yanaşı internet də lazımi səviyyədə inkişaf edə bilmir. Blogerlərin üzləşdiyi problemlərdən söz açan Erkin Qədirli bu yaxınlarda Adnan Hacızadə və Emin Millinin həbslərini sərbəst internet fəaliyyətinə vurulan zərbə kimi dəyərləndirdi. Gündəlik Azərbaycan və Realnı Azerbaydjan qəzetlərinin məhbəsdə olan sabiq baş redaktoru və bu yaxınlarda Beynəlxalq Mətbuat Azadlığı Mükafatına layiq görülmüş Eynulla Fətullayevin təqibi də Azərbaycanda ifadə azadlığı və müstəqil fikirlərin yayılmasına qeyri tolerant münasibətin əlaməti kimi dəyərləndirildi. Erkin Qədirli bildirdi ki, Azərbaycanda qəzetlərin tirajlarının kəskin azaldığı bir şəraitdə internet sərbəst informasiyanın yayılması üçün mühüm bir vasitədir, və hökumət orqanları azad sözə qarşı basqılarını bu sahəyə də tətbiq etməyə can atırlar.

XS
SM
MD
LG