Accessibility links

ABŞ Mətbuatı: Prezident Obamanın Əfqanıstan strategiyası


Bu günkü qəzetlərdə redaksiya heyətləri və və siyasi analistlər Barak Obamanın dünən açıqladığı Əfqanıstanda müharibə strategiyasını ətraflı təhlil edir. Amerikanın döyüşdüyü ən uzun müharibələrdən biri olan Əfqanıstan müharibəsini bir çoxları Obama administrasiyası üçün ciddi sınaq adlandırır. Solçular prezidentdən qoşunları Əfqanıstandan çıxararaq müharibəyə birdəfəlik son qoymağı, sağ müxalifət isə müharibənin udulacağı barədə möhkəm təminat istəyirlər.

New York Times qəzetinin redaksiya heyəti ümumilikdə Barak Obamanın qoşun artımı barədə qərarını alqışlayır. Bildirilir ki, uzun müddət müharibəyə səhnə olmuş Əfqanıstanda insanların çoxu ölkənin gələcəyi ilə bağlı bədbin hisslərə qapılıb. Bu baxımdan prezident Obama yüksək cəsarət nümayiş etdirərək ABŞ-ın onları tək buraxmayacağını və riskli də olsa Taliban qüvvələrini məğlub edəcəyini bəyan etdi. Bununla yanaşı New York Times əlavə 30 min əsgərin nailiyyətli olacağına müəyyən şübhə ilə yanaşır. Belə ki, prezidentin planı qısa müddət ərzində ölkədə kök salmış qiyamçıları məğlub etməyi nəzərdə tutur ki, bu da son 8 ildə mümkün omyayıb. Bundan əlavə baş məqalə prezident Həmid Karzay idarəsinin korrupsioner imicindən narahatlığını ifadə edir və bildirir ki, Əfqanıstanda sülhə gedən yol cavabdeh və legitim hökumətin formalaşmasından keçir.

Washington Post qəzeti də Obamanın açıqladığı strategiyanı ehtiyatla balanslaşdırılmış, eyni zamanda qüdrətli addım kimi dəyərləndirir. Qəzetin baş məqaləsində prezidentin Əfqanıstan missiyasını aydın çərçivəyə salması və hədəflərin müəyyən edilməsi yüksək qiymətləndirilir. “Cənab Obamanın qoşun qərarı həm düzgün həm də cəsurdur: düzgün, ona görə ki, bu məğlubiyyətin qarşısını almağın yeganə yoludur, cəsur ona görə ki, o, çox çətin və ağrılı bir missiyaya qədəm qoymuş olur ki, öz partiyasının böyük kəsimi bu addıma qarşı çıxır,” deyə redaksiya heyəti bildirir.

Mühafizəkar təmayüllü New York Post qəzetinin yazarları isə prezident Obamanın strategiyasına daha tənqidi prizmadan yanaşır. Köşə yazarı Riç Louri deyir ki, Obamanın nitqini dinləyərkən o, bir boşluq hiss edirdi. Prezident Obama müharibə haqda qərarını açıqlayarək onun bu qərara tərəddüdlə yanaşdığı aşkar hiss olunurdu. Obama çıxışında həm strategiyasını həm də bu strategiyanın etimadına zərbə endirən şübhə toxumları səpməyə nail oldu, deyə Louri yazır. Prezidentin qoşunların qayıtma tarixini dönə dönə vurğulaması belə bir təəssürat yaradırdı ki, o, bu missiyaya könülsüz yanaşır və ümumiyyətlə müharibə prezidenti olmağından məmnun deyil.

New York Postun başqa yazarı Ralf Piters isə öz tənqidində daha sərtdir. O, Barak Obamanın çıxışını hərbi kampnaiyadan öncə təslim aktı kimi qələmə verir. Belə ki, Obamanın qoşunların çıxma möhlətini elan etməsi düşmənə mesaj göndərir ki, onlar ABŞ qoşunlarının tərk etməsini gözləyə bilərlər. “Bizim prezidentimiz hərbimizi məğlub olmağa hazırlaşdırır, sonradan isə o, bunun günahını generalların boynuna yıxaraq onlara istədiyini verdiyini iddia edəcək,” deyə Piters xəbərdarlıq edir. Müəlifin fikrincə Barak Obamanın Əfqanıstan strategiyası İslamçı ekstremistləri məğlub etməkdən daha çox 2012-ci il prezident seçkilərində yenidən qələbə çalmağa yönəlib.
XS
SM
MD
LG