Accessibility links

Rəcəb Ərdoğan: Dağlıq Qarabağ problemi həll edilsə, Türkiyə - Ermənistan məsələsi də həll edilər


“Amerikalı rəsmilərə bəri başdan deyirik. Dağlıq Qarabağ münaqişəsini həll edəcəyiniz təqdirdə Türkiyə-Ermənistan problemini də həll edərsiniz. Əgər bunu həll edə bilməsəniz, Türkiyə-Ermənistan məsələsini də həll edə bilməzsiniz." Bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Birləşmiş Ştatlar prezidenti Barak Obama ilə görüşündən əvvəl Azərbaycanın ANS televiziyasına müsahibəsində bildirib.
Cənab Ərdoğan deyib ki, Minsk qrupunun üzvü olan Amerika Birləşmiş Ştatları, Fransa və Rusiya məsələnin həllində səylərini artırsa, münaqişə həll olunar. O, Amerika prezidenti ilə görüşündə Dağlıq Qarabağ məsələsinin də müzakirə olunacağını deyib. "Çünki Türkiyə - Ermənistan məsələsi Dağlıq Qarabağ problemi ilə də əlaqəlidir. Bunu mən şəxsən Barak Obama və Dmitri Medvedevə də dedim. Onlar da "biz bu məsələni sürətləndirəcəyik" dedilər. Hörmətli Medvedev və Obama iradələrini ortaya qoyarlarsa və İlham Əliyevin Serj Sarkisyanla apardıqları görüşlərdə irəliləyiş olarsa, onda yaxşı bir nəticənin olacağına inanıram. Dağlıq Qarabağ məsələsi həll olunarsa, Ermənistan-Türkiyə məsələsi də həllini tapar", - deyə baş nazir qeyd edib.
Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş Dövlət müşaviri Vəfa Quluzadə “Amerikanınsəsi” radiosuna müsahibəsində bildirib ki, Türkiyə baş nazirinin Amerika danışıqları münaqişənin həlli prosesində irəliləyişə kömək etməyəcək. “Çünki Avropa və qərb dövlətləri, o cümlədən Avropa İttifaqı Ermənistanı dəstəkləyir. ATƏT-in Minsk qrupunun təklifinə görə, Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın və Kəlbəcər rayonları Azərbaycana qaytarılmır. Dağlıq Qarabağda isə referendum oyunu irəli sürülüb. Bu isə Azərbaycan tərəfdən qəbul edilə
bilməz”, - deyə o qeyd edib.
Cənab Quluzadə Avropa İttifaqının, Amerikanın, Rusiyanın Ermənistanın işğalçı dövlət kimi tanımasının vacibliyini bildirib. “Bunun əvəzində, qərb siyasətini təbliğ edən televiziyalar son günlər Ermənistanın təbliğinə başlayıb. Dağlıq Qarabağı müstəqil subyekt kimi təqdim edirlər. Azərbaycanın məhv edilmiş yüzlərlə şəhəri, Ermənistanın işğalı nəticəsində yurdlarından qovulmuş 700 mindən çox azərbaycanlı barəsində isə bir kəlmə belə danışmırlar”.

XS
SM
MD
LG