Accessibility links

Dağlıq Qarabağ, NATO və Əfqanıstana Azərbaycanın baxışı


Azərbaycan və Ermənistan prezidentləri bu il artıq altıncı dəfə görüşüb. Ümumilikdə isə, demək olar ki, hər ay iki ölkə nümayəndələri arasında görüşlər olur. Bu, danışıqlarda bir dinamikadır. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov “Amerikanın səsi” radiosunun Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasının danışıqlar prosesi ilə bağlı sualının cavabında bildirib.
Eyni zamanda o deyib ki, Azərbaycan müzakirələrdən vaxt öldürülməsi üçün istifadə edilməsinə qarşı çıxır.
Nazir müavini “danışıqlarda irəliləyiş nədən ibarətdir?” sualının cavabında bildirib ki, hazırda prezidentlər səviyyəsində əsas prinsiplər müzakirə olunur. Yaxın zamanda həmsədrlərin regiona səfəri və yeni təkliflərin tərəflərə təqdim edilməsi gözlənilir. “Yeni təkliflərin hazırlanması da bir növ irəliləyişdir”. Bununla yanaşı,
o, müzakirələrin çox mürəkkəb olduğunu etiraf edib.
Cənab Əzimov hesab edir ki, yeni təkliflər mahiyyətcə hamıya aydındır. “Əhali öz torpaqlarına qayıtmalıdır, bunun üçün torpaqlar azad edilməli və ərazi bütövlüyü bərpa edilməlidir. Əhali qayıtmayınca əməkdaşlıq qurula bilməz, əməkdaşlıq qurulmayınca isə sülh ola bilməz. Sülh olmasa, hər-hansı status məsələsi müzakirə edilə bilməz”.
Onun fikrincə, həmsədrlərin vəzifəsi çox mürəkkəbdir. “Hələ ki, həmsədrlərin qarşısında mürəkkəb vəzifələr durur. Çünki tərəflərin bir çox məsələlərə baxışlarında fərqlər var. Burada ümumi məxrəc ərazi bütövlüyüdür. Bu prinsip əsasında təcrübəyə əsaslanaraq, siyasi çeviklik nümayiş etdirməklə müvafiq özünüidatretmə modeli işləmək mümkündür. Ermənistan da bu mövqeyə gəlməlidir”.
Türkiyə baş nazirinin Vaşinqton görüşlərinin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmaprosesinə təsirləri barədə suala cavabda cənab Əzimov deyib: “Hesab edirik ki, Türkiyənin baş naziri həm Türkiyənin, həm də Azərbaycanın milli maraqlarını nəzərə alaraq, Azərbyacan - Türkiyə ortaq mövqeyindən çıxış edərək, regionun əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Vaşinqton tərəfindən ciddi addımların atılmasını istəyəcək”.
Nazir müavini Türkiyə-Ermənistan məsələsinin də Vaşinqtonda müzakirə ediləcəyini güman edir. “Azərbaycan hesab edir ki, bu müzakirələr Türkiyə prezidenti və baş nazirinin “Türkiyə-Ermənistan sərhədlərinin açılması Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkündür” bəyanatlarına əsaslanacaq”.
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov “Amerikanın səsi”nin Amerikanın Əfqanıstanda hərbçilərinin sayının artırılması ilə bağlı sualının cavabında bildirib ki, Sovet Ordusu Əfqanıstanda on il əməliyyatları davam etdirdi, indi isə NATO qüvvələrinin artıq 8 il davam etdirilən əməliyyatları istənilən nəticəni verməyib. “Hazırda Əfqanıstanda vəziyyət çətin olaraq qalır”.
Onun sözlərinə görə, Əfqanıstanda 42 ölkənin hərbçiləri yerləşdirilib. “Amma onların böyük hissəsi daha stabil, daha rahat olan şimal və qərb məntəqələrində yerləşdirilib. Cənub və cənub-şərq hissələrində isə vəziyyət gərgin və qeyri-stabildir, taliban və onun hərbi birləşmələri öz məqsədlərinə nail olmaq üçün döyüşür. Bu bölgələrdə itkilər get-gedə çoxalır. Tərəfdaş ölkələr cənub və cənub-qərb hissəsində əməliyyatlarda iştirak etmir, hətta NATO-ya üzv 5-6 dövlət cənub əməliyyatlarında iştirak edir. Üzv dövlətlərin də cənuba getməməklə bağlı fikirləri səslənir”.
Nazir müavini hesab edir ki, Əfqanıstan böhranının həlli sırf hərbi qüvvələrinin sayının artırılması ilə bağlı deyil və bu yolla həll olunmayacaq. “Burada siyasi məsələ var. Taliban qüvvələrinin içərisində də siyasi tərəfdarlar ola bilər. Dialoq aparılmalı, siyasi həllə tərəfdarlar üzə çıxarılmalı və ölkə rəhbərliyi ilə əlaqələr qurulmalıdır.”
O Azərbaycanın Əfqanıstanda Amerikadan sonra hərbi kontingentinin sayını artırmaq ehtimalı ilə bağlı sualın cavabında deyib ki, Əfqanıstanda olan vəziyyəti və Azərbaycanın da çətinliklərini nəzərə almaq lazımdır. “Azərbaycanın indiyədək Əfqanıstanda hərbçilərinin sayını iki dəfə artırdığını, qeyri-hərbi sahədə yardım etdiyini nəzərə alsaq Azərbaycanın müəyyən töhfələr verdiyi qəbul edilməlidir. Hazırda Əfqanıstanda 90 nəfər hərbçimiz var. Əfqanıstanın Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər, Sərhəd Nəzarəti institutları və minaların təmizlənməsi agentliyi üçün Azərbaycan öz ərazisində müvafiq treninqlər təşkil etmək üçün hazırlığını bildirib. Eyni zamanda, artıq bu il Əfqanıstan Mina Təmizləmə Agentliyinin əməkdaşları üçün Azərbaycanda üç aylıq kurslar keçirilib və bu praktika davam etdiriləcək”.
Cənab Əzimov Amerika prezidentinin Əfqanıstan siyasətindən də danışıb. Onun dediyinə görə, Amerika qoşunlarını artırmaqla həlledici zərbələr endirib bölgədəki böhranlı vəziyyəti aradan qaldırmaq istəyir və sonra 2011-ci ildən başlayaraq oradan qoşunlarını çıxaracaq. “Azərbaycan dost ölkə kimi Əfqanıstanın böhranlı durumdan çıxmasını istəyir. Azərbaycan NATO qüvvələrinin tərkibində Əfqanıstandadır və NATO-nun mövqeyini dəstəkləyir. Biz Əfqanıstana yardım etmək istəyirik. Azərbaycan məsuliyyətli bir dövlət olaraq neçə illərdir ki, həm Kosovoda, həm İraqda, həm də Əfqanıstanda beynəlxalq əməliyyatlarda iştirak edir”.
Nazir müavini deyib ki, Azərbaycan NATO-nun AWACS tipli təyyarələrin öz ərazisindən keçməsi ilə bağlı təklifdən imtina etməyib və bu məsələni nəzərdən keçirir. “Təyyarələrin keçməsinə marşrut boyu bütün ölkələr razılıq verməlidir. Əfqanıstana çıxışı olan ölkələr razılıq verərsə, Azərbaycanın razılığını almaq üçün əsas yaranar. Amma NATO hələ marşrut boyu ölkələrlə razılıq əldə edə bilməyib”.
Cənab Əzimov Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planı çərçivəsində 2010-cu ilin mart - aprel aylarında növbəti qiymətləndirmə aparılacağını və iyun-iyul aylarında yeni 3-cü iki illik planın Azərbaycan və NATO tərəfindən təsdiq ediləcəyini bildirib.
O, gələcəkdə Azərbaycanın müdafiə nazirinin mülki şəxs olması ilə bağlı öhdəlik götürdüyünü təsdiq edib. “Fərdi Tərəfdaşlığın digər bəndlərinə gəlincə, Müdafiə Nazirliyində struktur islahatları aparılır. İslahatların müəyyən mərhələsində hərbi və mülki vəzifəli şəxslər arasında iş bölgüsü həyata keçiriləcək. Hazırda mülki şəxslərin orta səviyyədə vəzifələrə cəlb olunması məsələsinə baxılır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG