Accessibility links

ABŞ Mətbuatı: Barak Obamanın xarici siyasəti


ABŞ prezidenti Barak Obamanın Nobel sülh mükafatına layiq görülməsi prezidentin əleyhdarları arasında istehza ilə qarşılanır. Belə ki, bir çoxları onun indiyədək xarici siyasətdə ciddi uğur əldə etməməsini önə çəkirlər. Mühafizəkarların rəyinə görə Obamaya Nobel mükafatının verilməsi avropalı solçuların Amerika prezidentinin gələcək addımlarına nəzarət etməsi, ümumilikdə yeni administrasiyanın sol-mərkəzçi xəttinə dəstək və Corc Buş siyasətinin ictimai şəkildə rədd edilməsi cəhdindən doğur. Bu, isə heç də prezidenti Obamanın dünyada azadlıq və demokratiyanın yayılması yaxud sülhün bərqərar olması yönümündə nailiyyətlər əl etməsinə işarə deyil.

Washington Post qəzetinin yazarı Cəkson Diehl tənqidçilərin müəyyən mənada haqlı olduqlarını etiraf etsə də Obama administrasiyasının yeni siyasətinin artıq kiçik bəhrələr verdiyini qeyd edir. Diehlin sözlərinə görə ilk baxışdan Yaxın Şərq sülh prosesi iflasa uğramış kimi görünə bilər. Lakin əslində Obama hökuməti radikal sağçı Binyamin Netanyahu hökumətini bir sıra ağrılı kompromislərə vadar edib ki, bu sıraya Fəlsətin dövlətinin yaranmasına razılıq və yəhudi məntəqələrinin inşasının dayandırılması daxildir. Bu yaxınlarda prezidentin Əfqanıstana əlavə qoşun göndərmək haqda qərarı ABŞ-ın bu ölkə ilə bağlı üzərinə götürdüyü öhdəlikləri bir daha təsdiq edir. Artıq Almaniya və Fransa kimi NATO müttəfiqləri də hərbi səylərə qoşunla yardım etməyə söz veriblər. O, biri tərəfdən Barak Obama Çinə səfəri zamanı rəsmi Pekinin iranla bağlı dəstəyini qazanmağa nail oldu. Hərçənd ki, İran rejimi ilə dialoq səyləri iflasa uğradı, ABŞ diplomatlarının danışıqları İranı zənginləşdirdyi uranı Rusiyaya təhvil verməyə yönəltməsi ciddi qələbə kimi dəyərləndirilə bilər. Belə ki, bunu etməklə İran rəhbərliyi atom bombası üçün lazım olan urana malik olmaqdan imtina etməli yaxud da indiyədək regionda yaxın tərəfdaşı olan Rusiya ilə üz-üzə gəlməlidir. Hələlik İran buna yox deyir. Və əgər Rusiya sonda Vaşinqtonla bərabər hərəkət edərək İrana ciddi sanksiyalar tətbiq edilməsinə hazır olsa onda Obama administrasiyasının yeni xarici siyasət kursu tam bəraət almış olar.

New York Post qəzetinin İran üzrə yazarı Əmir Taheri isə son vaxtlar İranla bağlı siyasətdə maraqlı yerdəyişmənin baş verdiyini deyir. Cənab Taherinin yazdığına görə İran İslam inqilabından bəri avropalılarla amerikalılar arasında daim İranla bağlı mövqeyin sərtliyi üzrə ciddi fikir ayrılıqları olub. Avropa dövlətləri Vaşinqtonun İranla sərt tonda danışdığını əsas gətirərək Tehranla dialoq tərəfdarı olmuş və daim bu məsələdə loyal mövqedən çıxış etmişlər. Buş administrasiyası son 8 ildə İranla birbaşa danışıqlara daxil olmaqdan imtina edərək avroplalıları inandırmağa çalışırdı ki, İslam Respubliası ilə danışıqlar aparmağın xeyri yoxdur və onlarla yalnız sanksiya dilində danışmaq lazımdır. Lakin Obama administrasiyasının molla hökumətinə əl uzatması indi avropalılarda əks reaksiya doğurur. Artıq Avropa Birliyi İranla mövqeyini xeyli sərtləşdirib. Cəmi bir neçə ayın ərzində iranlı diplomatların Avropaya səfərləri təxirə salınıb. Avropa Birliyi ilk dəfə olaraq İranda prezidenti seçkilərinin nəticələrini tanımadı. Hollandiya Parlamenti İnqilab Keşikçiləri Qvardiyasını terrorçu təşkilat kimi tanıdı. İranda inşası nəzərdə tutulan enerji layihələri təxirə salınıb. Nəhayət Avropa İttifaqı demokratiya təmayüllü hərəkata yardım məqsədilə farsdilli peyk telekanalına 7 milyon dollar ayırıb. Uzun müddət İranla güzəştli siyasət aparıdqdan sonra avropalılar aldandıqları qənaətinə gliblər. İndi Obama administrasiyası çalışmalıdır ki, eyni tələyə düşməsin, deyə Əmir Taheri xəbərdarlıq edir.

XS
SM
MD
LG