Accessibility links

Terri Devidson: Amerika Dağlıq Qarabağ adlı hökumət tanımır


“Amerika Birləşmiş Ştatları “Dağlıq Qarabağ Respublikası” adlanan hökuməti tanımır. Bu, bizim siyasətimizdir və bu siyasət dəyişməz qalır”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Terri Devidson Amerika Konqresinin Dağlıq Qarabağa yardımı ilə bağlı şərh verərkən bildirib.
ABŞ bu yardımı hökumət üçün deyil, insanlar üçün ayırır, deyə cənab Devidson qeyd edib: “Bu, xalis humanitar yardımdır, minalardan təmizləmə kimi layihələr üçün nəzərdə tutulur. Bu layihələr qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir”.
O əlavə edib ki, Birləşmiş Ştatlar eyni zamanda, Azərbaycanda məcburi köçkün əhali üçün də yardım ayırır. “Bir daha vurğulamaq istəyirik ki, biz, son illər iri miqyaslı minalardan təmizləmə layihələrinə dəstək vermişik, məcburi köçkün əhali üçün yeni məktəblər tikmişik və bir sıra çeşidli layihələr vasitəsilə onların həyat şəraitinin yaxşılaşdırılmasına çalışmışıq”, - deyə cənab Devidson qeyd edib.
Amerika Konqresinin 2010-cu büdcə ilində Dağlıq Qarabağa 8 milyon dollar yardım ayırmaq niyyəti Azərbaycanda etirazla qarşılanıb. Bu barədə nümayəndələr palatasının qəbul etdiyi qanun təklifi həmin müddəanın yer almadığı Senatda qəbul olunmuş qanun təklifinin razılaşdırıldığı konfrans komitəsində qəbul olunub. Çoxsaylı təşkilatlar, ictimai birliklər, deputatlar, siyasi partiyalar rəsmi Vaşinqtonun Dağlıq Qarabağa yardımına etiraz bildirib.
Azərbaycan Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov Amerikanı Dağlıq Qarabağ münaqişəsinə neytral statusunu saxlamağa və separatçı rejimə yardım göstərməməyə çağırıb. “Amerika Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində həlli məsələsi ilə məşğuldur. Bu səbəbdən də Amerikanın separatçı rejimə yardım göstərməsini Azərbaycan təbii olaraq mənfi qarşılayır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG