Əfqan
polisinin bildirdiyinə görə, Kabildə sabiq vitse-prezidentin evinin
yaxınlığında həyata keçirilmiş intiharçı hücumu nəticəsində ən azı 8 nəfər
həlak olub, 40-a yaxın insan isə yaralanıb. Rəsmilərin sözlərinə görə, hücum
keçmiş vitse-prezident Əhməd Zia Məsudu hədəf alıb. O, 2001-ci il 11 sentyabr
hadisələrindən iki gün öncə Əl-Qaidə tərəfindən öldürülən Taliban rəqibi və
tanınmış partizan döyüşçü Əhməd Şah Məsudun qardaşıdır. Sabiq vitse-prezident
sağ qalmağa müvəffəq olsa da, onun iki cangüdəni həlak olub. Bəziləri isə
hücumçunun yaxınlıqdakı əsasən əcnəbilərin qaldığı mehmanxanı hədəf aldığı
ehtimal edilir. Partlayış hündür-mərtəbəli binaların olduğu Vəzir Əkbər Xan
məhəlləsinin hər yerində hiss olunub. Burada habelə səfirliklər və Qərbli
yardım qruplarının ofisləri yerləşir.