Accessibility links

Azərbaycanda bələdiyyə seçkilərinin nəticələri elan edilib


Mərkəzi Seçki Komissiyası otən il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini elan edib. Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, quruma seçkilərin nəticələri ilə bağlı 1718 protokol daxil olub. Protokolların araşdırılması yüksək səviyyədə aparıldığından hər hansı ajiotaj qeydə alınmayıb.
MSK katibi Natiq Məmmədovun sözlərinə görə, seçicilərin 32.4 faizi səs verib. Onun fikrincə, seçkilər qanunauyğun və demokratik şəraitdə keçirilib. Bələdiyyə üzvlüyü uğrunda 31 minə yaxın namizəd mübarizə aparıb.
Cənab Məmmədov həmçinin bəzi məntəqələrdə seçkilərin qanunauyğun keçirilmədiyini də etiraf edib.
“Ümumilikdə 33 seçki məntəqəsində və 9 bələdiyyə üzrə seçkilərin nəticələri ləğv edilib. 18 seçki məntəqəsinin, 2 Dairə Seçki Komissiyasının tərkibi tam buraxılıb, 2 Dairə Seçki Komissiyasının sədri vəzifəsindən uzaqlaşdırılıb”, - deyə o qeyd edib.
MSK-nın Ümid partiyası tərəfindən namizədliyi irəli sürülən üzvü AkifQurbanov seçkinin bütün mərhələlərində ciddi qanun pozuntusu olduğunu deyib. O MSK-nı qanun pozuntularının qarşısını almamaqda günahlandırıb.
Müxalifətdə olan siyasi partiyalar da bələdiyyə seçkilərinin kütləvi qanun pozuntusu ilə keçirildiyini bildirir. “Müsavat” partiyasının başqanı İsa Qəmbər “Amerikanın səsi” radiosuna deyib ki, seçkilər total saxtakarlıqla və qeyri-bərabər şəraitdə keçirilib.
Üç siyasi partiyanı birləşdirən “Azadlıq” siyasi bloku seçkilərin nəticələrini tanımır. “Xalq Cəbhəsi” partiyasının sədri Əli Kərimli “Amerikanın səsi”nə deyib ki, seçkilərin nəticələri xalqın iradəsini ifadə etmir.
Öz növbəsində, iqtidarda olan “Yeni Azərbaycan” partiyası müxalifətin dediklərini qəbul etmir, seçkilərin qanunauyğun və demokratik keçirildiyini bildirir. YAP İcra katibinin müavini Mübariz Qurbanlı “Amerikanın səsi” radiosuna müxalifətin seçkilərdə aktivlik nümayiş etdirmək gücündə olmadığını deyib. Onun fikrincə, bələdiyyələr üzrə lazımı qədər namizəd irəli sürə bilməyən və seçkiləri müşahidə etmək gücündə olmayan müxalifətin ittihamlar irəli sürməsi əsassızdır.

XS
SM
MD
LG