Accessibility links

Baş nazir Ərdoğanın Rusiya səfərinə ekspertlərin münasibəti


Dünən Moskvaya səfər edən Ərdoğanı bir çox nazirlər müşayiət edir. Səfərin ikinci günü Moskvaya gedən xarici işlər naziri Əhməd Davudoğlu da bu gün nazirlər heyətinə qatılıb. Türkiyə baş nazirinin başçılıq etdiyi heyət yanvarın 13-də Rusiya prezidenti Dmitri Medvedyev və baş nazir Vladimir Putinlə görüşüb. Görüşlərdə eneji və ticarət məsələləri ilə yanaşı, Dağlıq Qarabağ probleminin də müzakirə edildiyi bildirilir.

Rusiyanın Kommersant qəzetinin baş redaktoru Azər Mürsəliyevin sözlərinə görə, Ərdoğanın səfəri əsasən qaz və neft layihələri ilə bağlıdır. O deyir ki, son zamanlar Türkiyə dünya enerjisində tranzit ölkə olaraq çox mühüm bir mövqe tutub: “Rusiya son zamanlar Qərbdəki qonşularla bir çox problemlərlə qarşılaşdıqdan sonra, yeni yollar axtarır və bu halda Türkiyə ilə danışmağa məcbur olur”.

Cənab Mürsəliyevin sözlərinə görə, müzakirə olunan enerji məsələləri arasında Samsun-Ceyhan neft kəməri, Rusiya qazının Türkiyə vasitəsilə dünya bazarına çıxarılması və s. var.

İstanbuldakı Boğaziçi Universitetinin Beynəlxalq Münasibətlər üzrə müəllimi doktor Behlül Özkan isə deyir ki, bu səfər adi bir səfər deyil. Onun sözlərinə görə, Rəcəb Tayyip Ərdoğan 8 nazirlə Moskvaya səfər edib və belə toplantı Suriya və İraqda da təşkil olunmuşdu. Bu görüşlərin oxşarının Moskvada da keçirilməsi Türkiyə-Rusiya danışıqlarının standart iki tərəfli əməkdaşlıqdan daha əhatəli olduğunu göstərir. Enerji sahəsində aparılan müzakirələrlə yanaşı, cənab Özkanın fikrincə, Ərdoğan-Putin görüşünün diqqət mərkəzindəki digər məsələlər Dağlıq Qarabağ və Kipr münaqişəsi olub: “Moskva görüşlərinin gündəmindəki başlıca məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdır”

Doktor Özkanın sözlərinə görə, bunu sübut edən ən güclü göstərici baş nazirlər arasından keçirilən görüşdən dərhal sonra Rusiya xarici işlər naziri Serqey Lavrovun Ermənistana səfər etməsidir.

Azər Mürsəliyevin fikrincə isə, bu səfər vaxtı Dağlıq Qarabağ məsələsi mühüm yer tutsa da ən vacib məsələlər sırasında deyil. O iddia edir ki, əgər Ankara və Moskva enerji məsələsində işbirliyinə nail olsa, digər məsələlər texniki mahiyyətli olacaq: “1990-cı illərdə Rusiya-Türkiyə münasibətləri bir növ rəqabət xarakteri daşıyırdı. İndi demək olar ki, daha çox əməkdaşlıq və partnyorluq münabətlərinə çevrilib”.

Azər Mehrəliyevin fikrincə, Dağlıq Qarabağ münaqişə ilə bağlı Türkiyə və Rusiyanın baxışlarında ciddi bir fərq müşahidə olunmadığından, Rusiya Ermənistana Türkiyə və Azərbaycanla münasibətlərini yaxşılaşdırmağa təsir edə bilər.

Behlül Özkanın fikrincə, Türkiyə ilə Rusiya arasında gələcək əlaqələrin mərkəzində duran başlıca məsələ qarşılıqlı əməkdaşlığın artması olacaq. O deyir ki, burada söhbət enerji və turizm əlaqələri ilə yanaşı, Türkiyənin Rusiya enerji koridoru üçün bir növ körpü rolu oynacaq ölkəyə çevrilməsindən gedir: “Türk hökuməti Cənub Axını layihəsinə dəstək qarşılığında Rusiyadan bir şey istəyir. Bu da Samsun-Ceyhan neft boru xəttidir. Bu kəmər rus neftini Samsun və Ceyhan vasitəsilə aralıq dənizinə çıxaracaq”.

Ekspert hesab edir ki, bu yolla Türkiyə Aralıq dənizini neft tranziti sahəsində önəmli bir mərkəzə çevirməyi planlaşdırır.

Mövzuya uyğun

XS
SM
MD
LG