Accessibility links

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri görüşə bilər


Bu il yanvarın sonlarında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tuta bilər. Belə ki, Rusiya prezidenti Dmitri Medvedevin dünən Moskvada Ermənistan prezidenti Serj Sarkisyanla görüşünün əsas mövzusu prezidentlərin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə üçtərəfli görüşünün təşkili olub.
”Kommersant” qəzeti yazır ki, Moskva Qarabağ nizamlanmasında sıçrayış əldə edilməsində maraqlı olduğunu göstərməyə çalışır. “Bu, Rusiyanın Ermənistanla münasibətlərini daha da möhkəmləndirməsinə, Türkiyə və Azərbaycanla geniş miqyaslı layihələr reallaşdırmasına yardım edəcək”, - deyə qəzet bildirir.
“Turan” Agentliyinin şərhində deyilir ki, son vaxtlar Rusiyanın vasitəçilik səylərini fəallaşdırıb. “Bu günlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan və Dağlıq Qarabağın erməni icmasının lideri Bako Saakyan Moskvada səfərdə olub. Bundan sonra, Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevana səfər edib. Cənab Lavrov Yerevanda olduğu vaxtda Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Rusiya paytaxtında Qarabağ məsələsini müzakirə edib. İki gün öncə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradke Yerevanda və Dağlıq Qarabağda danışıqlar aparıb. Sabah isə Minsk qrupunun rusiyalı və fransalı həmsədri amerikalı həmsədrlə birgə Yerevanda prezident Serj Sarkisyanla görüşəcək. Həmsədrlər yanvarın 21-də danışıqları Bakıda davam etdirəcək”.
Eyni zamanda, Ermənistanı əvvəllər əldə edilmiş razılıqlardan qaçmaqda günahlandıran Azərbaycan prezidenti İlham Əliyev dünən bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin hansı yolla həlli artıq dəqiqləşib və ərazi bütövlüyü prinsipi prioritet götürülüb. “Bu düstur Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hesab edirəm ki, həlledici ola bilər. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Bütün işğal edilmiş torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır. Bizim soydaşlarımız, - məcburi köçkünlər, - qaytarılmalıdır, təhlükəsizlik tədbirləri görülməlidir və gələcəkdə Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi yüksək muxtariyyət şəraitində Azərbaycan dövlətinin tərkibində yaşamalıdır. Bizim mövqeyimiz bundan ibarətdir və beynəlxalq birlik tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”, - deyə dövlət başçısı qeyd edib.
Öz növbəsində, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Ermənistanın mövqeyindən geri çəkilməyəcəyini bəyan edib.
Müstəqil politoloqların mövqeyi isə daha çox Ermənistan xarici işlər nazirinin bəyanatına yaxındır. Onlar prezidentlərin üçtərəfli görüşünün münaqişənin nizamlanmasında irəliləyiş əldə edilməsinə təsir göstərəcəyinə inanmır. “Şərq - Qərb” Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu üçtərəfli görüşün baş tutacağını mümkün sayır. “Görüşün yeganə əhəmiyyəti yalnız regionda indiyədək qorunub saxlanmış sakitlik şəraitinin davam etməsi ola bilər”.
“Turan” Agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyev hesab edir ki, prezidentlərin üçtərəfli görüşünün baş tutması Rusiya və Türkiyəyə daha çox lazımdır. “Dağlıq Qarabağ münaqişəsində cüzi də olsa irəliləyiş əldə edilərsə Türkiyə - Ermənistan sərhədlərinin açılmasına Azərbaycan etiraz edə bilməyəcək. Bu isə regionda Nabucco layihəsinin reallaşmasında qərbin maraqlarına uyğun gəlir. Eyni zamanda, Rusiya və Türkiyə iqtisadi və enerji əlaqələrinin dərinləşməsinə perspektivlər açılır”.
Cənab Hacıyevin fikrincə, Moskva görüşünün nəticəsi olaraq, hansısa hüquqi sənədin imzalanması mümkün deyil. “Bu yalnız üçtərəfli bəyannamə ola bilər. Çünki tərəflərin mövqeyi bir-birindən çox fərqlidir”.

XS
SM
MD
LG