Accessibility links

ABŞ Mətbuatı: Qərblə İran arasında gərginliklər artır


New York Times qəzetinin yazdığına görə Almaniya kansleri Angela Merkel ölkəsinin nüvə ambisiyalarından geri çəkilməkdən imtina edən İrana qarşı daha sərt sanksiyalar tətbiq edilməsinə hazır olduğunu dilə gətirib. “Biz daha çox sanksiyalar üçün çalışacağıq,” deyə o, İsrail baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında elan edib. “Biz həmişə İranla əməkdaşlığa və şəffaflığa çağırmışıq, lakin təəssüf ki, İran buna cavab verməyib.” Xanım Merkelin bəyanatı cənab Netanyahu ilə sammit görüşü, alman və İsrail hökumətləri arasında tarixi birgə kabinet görüşündən sonra açıqlanıb. İsrail ehtiyat edir ki, İran atom bombasına yiyələndiyi təqdirdə onu hədəf ala bilər.

New York Times-ın yazdığına görə cənab Netanyahu nüvə silahlı İranı İsrailin mövcudiyyətinə təhlükə kimi görür. O, İranın nümayişçilər və dissidentlərlə rəftarının rejimin həqiqi sifətini üzə çıxardığını deyərək Avropa və ABŞ hökumətlərini İrana qarşı daha sərt mövqe tutmağa səsləyib. Netanyahu hesab edir ki, İranın atom bombası əldə etməsinin qarşısını almaq vaxtı gəlib çatıb. “Əgər ində də olmasa, nə vaxt?” deyə o, sual edib, lakin bunu necə etmək barədə izahat verməyib. İsrail rəsmiləri keçmişdə işarə ediblər ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, onda İranın nüvə obyektlərinə qarşı hərbi ölçülər götürülə bilər.

Bu arada Bloomberg məcmuəsi İran Körfəzindəki Qərb gəmilərini hədəf ala biləcəyi haqda İranın xəbərdarlıqla çıxış etdiyini yazır. Bu bəyanatı açıqlayan İranın müdafiə naziri Əhməd Vahidi olub. “Niyə İran Körfəzində bu qədər gəmi var? Bu, İrana qarşıdırmı?” deyə o, körfəz regionuna həsr olunmuş konfransda bəyan edib. Daha sonra o, xəbərdarlıq edib ki, əgər İran Qərb dövlətləri tərəfindən hansısa hücuma məruz qalsa bu gəmilər hədəfdə olacaq. ABŞ 1993-cü ildən bəri Bəhreyndə donanma mərkəzi qərargahı saxlayır. İran əvvəllər də bu növ hədələrlə çıxış edib. Sentyabrda keçirilən hərbi təlimlər zamanı İnqilab Keşikçiləri Korpusu hər hansı hərbi aksiyaya "əzici cavab" verəcəyini bildirmişdi. Bloomberg məcmuəsi onu da qeyd edir ki, ABŞ donanması birinci körfəz müharibəsindən sonra regiondakı mövcudluğunu genişləndirib.

Washington Post-un yazdığına görə İranın regionda ABŞ-la çəkişməsi özünü son vaxtlar İraqda büruzə verməkdədir. Belə ki, bu yaxınlarda İranla sıx əlaqələri olduğu güman edilən şəxslərdən ibarət komissiya İraqda yüzlərlə namizədi seçkilərə buraxmamaq haqda qərar qəbul edib. Bir çoxları bu addımın ölkənin sünni azlığını qəzəbləndirəcəyindən və İraqın formalaşmaqda olan demokratiyasını zəiflədə biləcəyindən ehtiyat edir. Komissiyaya müharibdən əvvəl Amerikaya yanlış kəşfiyyat məlumatları ötürmüş Əhməd Çələbi və ABŞ tərəfindən keçmişdə həbsə alınmış Əli Feysəl əl Lami başçılıq edirlər. Bir vaxtlar Pentaqon və Mərkəzi Kəşfiyyat Agentliyinin dostu kimi bilinən Çələbini çoxlu ABŞ rəsmisi İranın agenti adlandırır. Onun başçılıq etdiyi komissiyanın məqsədi İraq hökumətini Səddam Hüseynin Bəs Partiyasının ideallarına xidmət edən adamlardan təmizləməkdir. Komissiyanın bu günlərdə 511 namizədi seçki prosesindən kənarlaşdırması cəmiyyətdə şok yaradıb. Bəziləri bu addımı İranın öz əlaltıları vasitəsilə seçkilərə müdaxilə etməsi və İraqın tamamilə Tehrana loyal siyasətçilərin əlində olmasını təmin etmə cəhdi kimi dəyərləndirir. Cavabdehlik və Ədalət uğrunda Ali Milli Komissiyanın rəhbəri Çələbi ABŞ-ın İraqa müdaxiləsində mühüm rol oynamışdı.

XS
SM
MD
LG