Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov 2009-cu ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
İcraçı direktorun sözlərinə görə, Neft Fondunun 2009-cu ildə büdcə gəlirləri 8 milyard 176,7 milyon manat, büdcə xərcləri isə 5 milyard 294,5 milyon manat təşkil edib. Fondun 2009-cu il büdcəsinin gəlir hissəsi 97,8 faiz, xərc hissəsi isə 99,5 faiz yerinə yetirilib.
O 2009-cu ildə Neft Fondunun büdcəsindən dövlət büdcəsinə 4 milyard 915 milyon manat transfer edildiyini deyib. Bununla yanaşı, fondun büdcəsindən müxtəlif layihələrin maliyyələşdirilməsinə də vəsaitlər ayrılıb.
Ümumilikdə 2010-cu il yanvarın 1- nə Fondun aktivləri 2009-cu ilin müvafiq dövrünə nisbətən 32,8 faiz artaraq 14 milyard 900 milyon 400 min ABŞ dollarına bərabər olub.
Müstəqil ekspertlər Neft Fondunun büdcəsinin şəffaf olduğunu deyir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, fonddan ayırmalar 2006-cı ildən sonra auditə məruz qalmayıb. Bu səbəbdən də vəsaitlərin xərclənməsinin şəffaflığı şübhə doğurur.
Cənab Şaban Neft Fondunun vəsaiti ilə ondan çox böyük maliyyə tutumlu layihənin həyata keçirildiyini deyib. “Ancaq bu layihələr üzrə xərclərə vətəndaş nəzarətini həyata keçirmək belə mümkün deyil. Vətəndaş cəmiyyətlərinin ən böyük şübhəsi uzunluğu 260 kilometr olan Oğuz - Qəbələ - Bakı su kəmərinin tikintisinə bir milyard dollara yaxın vəsaitin xərclənməsinədir. Bu xərc beynəlxalq konsorsium tərəfindən tikilən boru kəmərləri Yaponiyadan gətirilmiş, uzunluğu 1000 kilometrdən çox olan Bakı - Tbilisi - Ərzurum qaz kəmərinin xərclərinə bərabəırdir”, - deyə ekspert qeyd edib.