Özünün ilk hesabat məruzəsində prezident Barak Obama iş yerlərinin artımını başlıca prioritet elan edərək Konqresi tənəzzüllə üzləşən iqtisadiyyatı dirçəltmək üçün təcili ölçülər götürməyə çağırdı. Administrasiyasının fəaliyyətindəki bir sıra geriləmələrə baxmayaraq o, bildirdi ki, səhiyyə, enerji, təhsil və başqa sahələrdəki ambisiyalı planları həyata keçirmək üçün səylərini davam etidrəcək.
Prezident Obama hakimiyyətdə olduğu ötən il ərzində iqtisadi bühranın qarşısını almaq üçün görülən tədbirlərə diqqət yönəltdi. O, ən iri təhlükənin arxada qaldığını deyərək ötən fevralda qəbul edilən iqtisadi stimul paketinin mühümlüyünü vurğuladı. İqtisadi böhranın ötən administrasiyadan miras qaldığını söyləyən Barak Obama bunların öhdəsindən gəlmək üçün əlavə tədbirlərə əl atacağını vəd etdi ki, bu sıraya Vol Stritdə islahatlar, kiçik bizneslərə əlavə kredit və orta sinif üçün vergi endirimləri daxildir.
“Dəyişiklik kifayət qədər tez gəlməyib,” deyə Obama zal dolu Konqres üzvləri və milyonlarla amerikalı tamaşaçı qarşısında etiraf etdi. “Debatların acı və narahatlıq dərəcəsinə baxmayaraq, artımımıza əngəl törədən problemləri düzəltməyin vaxtı gəlib çatıb.”
Prezident Obama çıxışının böyük hissəsini ikirəqəmli faizi ötmüş işsizlik və iqtisadi problemlərə həsr etdi. Cənab Obama amerikalıların üzləşdikləri gündəlik çətinliklərdən agah olduğunu bildirərək iş yerlərinin artımını bərpa etmək, dövlət xərclərini ixtisara salmaq, büdcə defisitini azaltmaq və Vaşinqtonda siyasi tonu dəyişmək üçün əlindən gələni əsirgəməyəcəyini vəd etdi. Eyni zamanda o, Konqresi səhiyyə, iqlim dəyişikliyi və başqa sahələrdə islahatlara arxa çevriməməyə çağırdı.
Milli təhlükəsizlik məsələlərinə diqqət çəkən prezident Obama terrora qarşı mübarizədə bəzi uğurların əldə edildiyini söylədi. Prezidentin sözlərinə görə ötən il ərzində öldürülən Əl Qaida terrorçularının sayı 2008-ci ildə öldürülənlərdən dəfələrlər çoxdur. Cənab Obama habelə Əfqanıstan və İraq cəbhələrində əldə olunan nailiyyətlərdən bəhs etdi. Seçki kampaniyası zamanı verdiyi vədə sadiq qalaraq o, yaxın gələcəkdə Amerika döyüş qüvvələrini İraqdan çıxaracağını bəyan etdi.
Prezidentin nitqi təqribən 70 dəqiqə çəkdi və 90 dəfə alqışlandı.
Respublikaçıların cavab müraciətini isə Virciniyanın bu yaxınlarda seçkilərdə qalib gəlmiş qubernatoru Bob McDonell ünvanladı. O, Barak Obamanın büdcə artımını qismən dondurmaq planını alqışlasa da görüləsi çox işlərin qaldığını vurğuladı. Öz qələbəsinə təkan verən anti-iri hökumət sentimentlərini əks etdirərək McDonell hökuməti vergiləri, nizamlamaları və məhkəmə işlərini artırmamağa səslədi. Virciniya qubernatorunun sözlərinə görə bu növ siyasət işləri qapadır və orta sinfə zərbə endirir.