“Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi veriliş yayan xarici televiziya kanallarının kabel televiziyasında yayımı dayandırıla bilər”. “Azərbaycandan peyk rabitəsi vasitəsi ilə canlı yayım həyata keçirmək üçün normativ aktlar yoxdur”. “Xarici radioların yerli FM tezliklərində yayımlanması prosesi artıq arxada qaldı”.
Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli “Amerikanın səsi” radiosuna müsahibəsində Azərbaycan televiziya sənayesində mövcud vəziyyət, kabel televiziyaları, Milli Teleradio Şurasının televiziya kanalları ilə münasibətləri, peyk vasitəsi ilə Azərbaycandan yayım məsələlərinə toxunub.
Sual: Bir çox yerli və beynəlxalq hesabatlarda Azərbaycanda bütün televiziya sənayesi hökumətin tam nəzarətində olduğu bildirilir. Bu hesabatlar haqlıdırmı?
Cavab: Bu həmin təşkilatların hesabatlarıdır və mən bu barədə bir söz deyə bilmərəm. Bəyan edirəm ki, Milli Teleradio Şurası televiziyaların yaradıcılıq işlərinə və proqram siyasətinə ümumiyyətlə qarışmır.
Sual: Radio sahəsində vəziyyət necədir? Radio tezliklərlə bağlı tenderlər keçirilməsi nəzərdə tutulurmu? Bu sahədə problemlər də müşahidə edilir. Bakıdan qərb və cənub istiqamətinə 50-100 kilometr getdikdə fars və erməni dilində, şimal istiqamətində rus dilində, Gəncə regionu da daxil olmaqla qərb regionunda isə gürcü dilində radioların səsləri yerli radioların tezliklərində eşidilir. Azərbaycan radiolarının səsi harada eşidilir?
Cavab: Azərbaycan televiziya və radiolarının görüntüləri və səsi həm Rusiya, həm Ermənistan, həm Gürcüstan, həm də İranda müşahidə edilir. Bu təbii bir prosesdir. İstənilən ölkənin televiziya siqnalları digər qonşu ölkədə 60-70 kilometr məsafədə müşahidə edilir. Buna qeyri-adi baxmaq lazım deyil.
Amma siqnallar digər ölkənin 300-400 kilometr dərinliyinədək gedirsə bunun qarşısı alınmalıdır. Rabitə və İnformasiya Texnologiyaları nazirliyi bununla bağlı müəyyən işlər görür. Son zamanlar prezident İlham Əliyevin ayırdığı vəsait hesabına ötürücülər alınıb sərhəd zonalarında yerləşdirilib. İndi, bu ötürücülər Azərbaycan televiziya və radiolarının tezliklərinin tam gücü ilə işləməsini təmin edir.
Bəzən isə Azərbaycan televiziya və radioları tezliklərini tam həcmdə işlətmir və bu səbəbdən həmin tezliklərə qonşu ölkələrin siqnalları daxil ola bilir.
Sual: Yaxın zamanlarda yeni radio tezlikləri tenderə çıxarılacaqmı? Yeni televiziyanın açılacağı gözlənilirmi?
Cavab: Azərbaycanın əhalinin sayına, reklam bazarının həcminə yetərincə televiziya kanalları var. Amma bu o demək deyil ki, yeni televiziyalar açılmayacaq. Zərurət yaranarsa yeni televiziya kanalları açılacaq. Ancaq hesab edirəm ki, hazırda yeni kanalların açılması üçün şərait yoxdur. Reklam bazarına nəzər salan hər bir şəxs deyə bilər ki, yeni televiziyanın yaradılması ümumi televiziya məkanının ziyanına olar. Eyni zamanda bunun üçün kifayət qədər kadr potensialı da yoxdur.
Son üç ildə Azərbaycanda İctimai televiziyadan başqa, Xəzər, İdman-Azərbaycan televiziyası, iki regional televiziya kanalı, Xəzər və FM Media radioları açılıb. Amma bəziləri hesab edir ki, Azərbaycanda bütün tezliklər tutulmalıdır. Bu düzgün yanaşma deyil.
Sual: Deməli yeni tezliklərə tender elan edilməyəcək?
Cavab: Jurnalistlər arasına çox qəribə bir fikir var ki, tezliklərin hamısına tender elan edilməlidir. Kifayət qədər tezlik var. İndi rəqəmsal sistemə keçirik. Bu keçiddən sonra tezliklər kifayət qədər çoxalacaq. Bu o demək deyil ki, bütün tezliklər doldurulmalıdır. Çalışmaq lazımdır ki, mövcud teleradio kanallarının keyfiyyəti daha da yaxşılaşsın.
Sual: Xarici radioların yenidən yerli FM tezliklərində verilişlərinin bərpası mümkündürmü?
Cavab: Xarici radioların yerli FM tezliklərində yayımlanması prosesi artıq arxada qaldı. Bu keçmiş SSRİ-yə daxil olan ölkələrin bir çoxunda bir proses idi. Artıq bu proseslər arxada qalıb. Hər bir ölkənin dövlət siyasəti var. Bu siyasətə uyğun olaraq bütün tezliklər ölkənin daxili resurslarıdır. Ölkə tezliklərdən bildiyi formada istifadə edir. Azərbaycan FM tezliklərini yalnız milli qurumlar üçün nəzərdə tutub. Xarici ölkələrin radiostansiyalarının Azərbaycanda yayımı digər vasitələrlə mümkündür və bu sahədə müəyyən işlər görülür. Xarici radiolar ölkədə kabel televiziyası, internet və peyk rabitəsi vasitəsi ilə yayımlana bilər. Hesab edirəm ki, bunlar insanlarımız üçün yetərincə əlverişlidir.
Sual: Azərbaycanda kabel televiziyası sahəsində vəziyyət necədir? Nə qədər kabel televiziyası fəaliyyət göstərir? Son zamanlar kabel televiziyalarında senzuralarla bağlı fikirlər səslənir. Xüsusilə Azərbaycanın əleyhinə olan filmlərin dayandırılması, matəm günlərində xarici televiziyaların kabel ilə yayımının dayandırılması nə qədər qanunauyğundur?
Cavab: Kabel şəbəkəsi tamamilə özəl qurumlara məxsusdur. Bu sahədə özəl şirkətlər çalışır. Amma elə məsələlər də var ki, Teleradio Şurasının qaydaları ilə müəyyənləşir. Milli Teleradio Şurası bir qayda olaraq Azərbaycanın, dövlətçiliyin əleyhinə, sərhədlərin dəyişdirilməsi ideyasını irəli sürən verilişlər yayan istənilən televiziyanın ölkə ərazisində yayımını dayandıra bilər. Biz bunu özbaşına müəyyənləşdirməmişik, dünya praktikasına əsaslanmışıq. Biz eyni zamanda da Azərbaycanın əleyhinə verilişlər yayan xüsusi kanalların yayımına icazə verməyəcəyik. Bu yaxınlarda Euronyus ilə bağlı belə problem yaranmışdı. Biz bildirdik ki, Azərbaycanın əleyhinə yönəlmiş, birtərəfli verilişlər yayımı davam etdirilərsə həmin kanalın yayımının dayandırılması məsələsinə baxıla bilər.
Sual: Dövlətçiliyə zidd verilişlər nə deməkdir? Bu nə ilə və ya hansı qanunvericilik aktı ilə müəyyən edilir. Məsələn, bu yaxınlarda, media yazmışdı ki, müxalifətdə olan “Müsavat” başqanının Rusiyanın NTV televiziyasındakı çıxışının Azərbaycanda bir kabel televiziyasında yayımı dayandırılıb.
Cavab: Bilirsiniz, görünən dağa bələdçi lazım deyil. Bu məsələni bu cür xırdalamağa da ehtiyac yoxdur. Bu bəsit, çox kortəbii bir şeydir, həm də çox kortəbiicəsinə verilmiş bir anlayışdır. Dövlətçiliyə aid olan məsələlər tək bizə aid olan məsələ deyil, bütün dünya ölkələrində var. Əgər Siz bu gün Böyük Britaniya əleyhinə kabel televiziyası vasitəsi ilə mütəmadi verilişlər yayarsınızsa, bu ölkədə də buna icazə verməyəcəklər. Amma bir çox məsələlərdə kabel şəbəkələri müstəqil fəaliyyət göstərir və bizim onlara tapşırıq verməyə ixtiyarımız yoxdur. Onlar müəyyən günlərdə və ya vaxtlarda yayımı dayandırırsa, bu onların daxili işidir. Bu kabel televiziyaları ilə abunəçilər arasındakı məsələdir. Bizim buna müdaxilə etməyə icazəmiz yoxdur.
Sual: Bu il Azərbaycanda parlament seçkiləri ildir. Təbii ki, əvvəllər olduğu kimi yenə, xarici televiziyalar Azərbaycandan birbaşa verilişlər yayımlamağa çalışacaqlar. Azərbaycanda peyk vasitəsi ilə birbaşa verilişlərin yayımlanması hazırda necə nizamlanır?
Cavab: Bu sahədə qanunvericilik sahəsində görüləsi işlər var. “Peyk yayımı haqqında” qanun hələ qəbul edilməyib, qaydalar müəyyənləşdirilməyib. Xarici televiziyaların Azərbaycan ərazisindən canlı yayımı necə həyata keçirmələri, ölkəyə necə daxil olmaları, nə qədər qalmaları, yerli tezliklərdən istifadə edərək verilişləri ötürmələrinin qiymətləri hələ müəyyən edilməyib.
Sual: Bir qayda olaraq seçkilər zamanı regional televiziyaların rolu artır. Hazırda ölkənin bütün regionlarında yerli televiziyalar varmı?
Cavab: Ötən parlament seçkilərində regional televiziyalar olmadığından namizədlər öz təbliğatını mərkəzi televiziyalar vasitəsi ilə aparmağa üstünlük verib. Biz qarşımıza məqsəd qoyduq ki, bütün regionları əhatə edən yerli televiziyalar yaradaq. Bundan sonra Yevlax şəhərində Qarabağ zonası üzrə və Şəki şəhərində yeni telekanalların yayımını həyata keçirdik. Hazırda Şirvan şəhərində Mərkəzi Aran zonasında yayımlanacaq yeni televiziyanın açılması üçün hazırlıq işləri aparırıq. Gələcəkdə isə İmişli, Saatlı zonasını əhatə edən televiziyanın açılmasını fikirləşirik.
Sual: Yerli televiziyaların bütün ölkə ərazisində yayımı da mümkündürmü?
Cavab: Əgər yerli televiziyanın maddi texniki bazası imkan verərsə bu məsləyə baxıla bilər. Amma hazırda belə bir maddi-texniki bazaya malik regional televiziya yoxdur.
Sual: Məsələn, Naxçıvan televiziyaları? Naxçıvan neçə illərdir blokada şəraitində yaşayır, əhalinin əksər hissəsinin isə buraya mütəmadi gedib-gəlməsi üçün avtomobil və dəmir yolları işləmir.
Cavab: Bu Naxçıvan televiziyasının daxili işidir. Onlar bunu, müəyyənləşdirməlidir. Əgər onlar hesab edirlərsə, Naxçıvan televiziyası digər ərazilərdə baxılmalıdır, bu mümkündür. Naxçıvan televiziyası peyk və kabel televiziyası vasitəsi ilə də yayımını həyata keçirə bilər.