Accessibility links

Norveç Helsinki Evi: “Naxçıvan - Azərbaycanın  qaranlıq adası” hesabatı 


Norveç Helsinki Komitəsi Azərbaycanın Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının vəziyyəti barədə xüsusi məruzə hazırlayıb. “Azərbaycanın qaranlıq adası: Naxçıvanda insan hüquqlarının pozulması” adlandırılan hesabat ötən həftə Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında yayılıb. Naxçıvanda insan hüquqlarının pozulması barədə məruzənin hazırlanması və yayılmasının təşkilində Norveçin Helsinki Komitəsi, Norveçin “İnsan Hüquqları Evi” fondu habelə Naxçıvandan hüquq müdafiəçiləri və jurnalistlər və Norveçin “Rafto” Fondu iştirak edib.

Hesabatda Naxçıvan Muxtar Respublikasının siyasi sisteminə qiymət verilir, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun avtoritar metodları Türkmənistanda Saparmurat Niyazovun qurduğu rejimlə müqayisə olunur. Həmçinin, cənab Talıbovun iqtisadi sahədə və media üzərində nəzarəti vurğulanır. Məruzədə Naxçıvanda vətəndaş cəmiyyətlərinin ağır durumundan, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı zorakılıq, onların cinayət təqibinə məruz qalması faktlarından danışılır, Avropa Şurasının Naxçıvan üzrə xüsusi məruzəçi institutu təsis etməyi tövsiyə olunur.

Xatırladaq ki, “İnsan Hüquqları Evi” fondu, Norveç Helsinki Komitəsi və bir sıra beynəlxalq və Azərbaycan hüquq-müdafiə təşkilatları Yanvar ayında kollektiv bəyanat qəbul edərək, Azərbaycan hakimiyyətini ölkədə azad və ədalətli seçkilərin keçirilməsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına, məhkəmələrin müstəqilliyinin təmininə çağırıb. Həmin təşkilatlar Azərbaycanda işgəncələrə son qoyulmasına, bütün siyasi məhbusların, o cümlədən jurnalistlərin azadlığa buraxılmasına, diffamasiyaya görə cinayət məsuliyyətinin ləqvinə, toplaşmaq azadlığı və xüsusi ilə Naxçıvanda insan hüquqlarına hörmətin təmin olunmasına çağırıb.

XS
SM
MD
LG