Accessibility links

Milli Məclis qar böhranı və söz azadlığına münasibət bildirib


Milli Məclisin bugünkü plenar iclasında son günlər soyuq havaların keçməsi ilə əlaqədar kommunal təsərrüfatın yarıtmaz vəziyyəti, əhalinin elektrik enerjisi ilə təminatında fasilələrin yaranması deputatların diqqətində olub. Parlamentin “Mətbuat azadlığı haqqında”, “Əməliyyat axtarış fəaliyyəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara dəyişikliklər etməsi də qızğın müzakirələrə səbəb olub. Qanunlara edilən dəyişikliklərə görə, əməliyyat-axtarış tədbirləri istisna olmaqla, heç kim öz razılığı olmadan media nümayəndələri tərəfindən izlənilə, video və foto çəkilişə və səsinin yazılmasına məruz qala bilməz.
İlk olaraq deputatlar kommunal xidmətlərdə yaranan çətinlikləri dilə gətirib. Deputat İqbal Ağazadə deyib ki, son günlər hava şəraitinin pisləşməsi bir daha kommunal xidmətlərin yarıtmaz olduğunu üzə çıxarıb.
Deputat Zahid Oruc tənqidləri qəbul etmir. Onun fikrincə, hökumət baş verən qəzalı vəziyyəti aradan qaldırıb və bundan antitəbliğat kimi istifadə etmək olmaz.
Deputat Qüdrət Həsənquliyev hesab edir ki, kommunal xidmətlər özəlləşdirilməlidir və bu, vəziyyəti yaxşılaşdırar.
Deputat Fazil Mustafa qeyd edib ki, üç gün ərzində qar yağması paytaxt Bakını, demək olar ki, elektrik enerjisindən məhrum olub.
Media ilə bağlı qanunlara dəyişiklik məsələsinə gəlincə,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov deyib ki, bu dəyişikliklər Konstitusiyanın ruhundan irəli gəlir. “Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olunmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmadan izlənilməsi, video, foto çəkilişinə, səs yazılmasına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması, qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Yəni bu məsələdə yenilik yoxdur. Bu sırf Konstitusiyadan irəli gələn əlavə və dəyişikliklərdir”.
Bir çox deputat qanuna edilən dəyişikliyin əleyhinə çıxış edib və bunun jurnalistlərin fəaliyyətini məhdudlaşdıracağını diqqətə çatdırıb. Deputat Pənah Hüseyn qanunla bağlı məhkəməyə müraciət edəcəyini bildirib. “Bu dəyişiklik ancaq və ancaq mətbuatın azadlığını məhdudlaşdırmaq məqsədi daşıyır”.
İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova dəyişikliklərin beynəlxalq normalara uyğun olduğunu iddia edir. O qanuna dəyişiklikliyə görə deputatların günahlandırılmasını düzgün saymır.
Xanım Aslanovanın əksinə olaraq, Avropa Şurasının Azərbaycan üzrə məruzəçiləri yeni dəyişikliyin mətbuat azadlığına qarşı olduğunu düşünür. Məruzəçilər məsələni ölkə rəhbərləri qarşısında da qaldırıb. Andres Herkel xatırladıb ki, ötən ilin martında Konstitusiyaya edilən düzəlişlər zamanı beynəlxalq qurumlar, o cümlədən AŞ-ın Venesiya Komissiyası jurnalist fəaliyyətini məhdudlaşdıran bu normanın əleyhinə çıxıb. “Məsələni parlamentin sədri Oqtay Əsədovla görüşdə də qaldırdıq. Bizi inandırdılar ki, qanuna düzəlişlər edildikdən sonra jurnalistləri kütləvi tədbirləri çəkdiklərinə görə cəzalandırmayacaqlar. Amma biz yenə də narahatıq. Çünki qanunların tətbiqi zamanı təcrübədə həmişə sui-istifadə halları ola bilər»- deyə o qeyd edib.

XS
SM
MD
LG