Accessibility links

Elmar Hüseynovun xatirəsi yad edilib


Elmar Hüseynovun xatirəsi yad edilib
Elmar Hüseynovun xatirəsi yad edilib
<!-- IMAGE -->

Media ictimaiyyəti “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 5-ci ilində, onun qəbrini ziyarət edib. Ziyarətçilər arasında siyasi partiya rəhbərləri, hüquq müdafiəçiləri, ziyalılar, diplomatik missiyaların təmsilçiləri də var idi.
Xatirə mərasimində çıxış edənlər jurnalistin qətlindən beş il keçməsinə baxmayaraq, qatillərin həbs edilmədiyini və cinayətin sifarişçiləri haqqında məlumat verilmədiyini deyib. Bütün çıxışlarda jurnalistin qətlinin siyasi sifariş olduğu vurğulanıb. “Elmar Hüseynovun qətli yalnız indiki iqtidar dəyişdikdən sonra açılacaq”, - deyə “Müsavat” Partiyasının başqanı qeyd edib.
Jurnalistin atası Sabir Hüseynov hökumət rəhbərlərinin qətlin yaxın zamanda açılacağı ilə bağlı vədini xatırladıb. “Oğlum qətlə yetirilən zaman ölkə rəhbəri və nazirlər 40 günə, hətta iki həftəyə cinayətin açılacağını vəd etmişdi. Amma illər keçib, qatillərdən xəbər yoxdur. Hakimiyyət cinayətin açılmasında maraqlı deyil”.
Natiqlər Rusiyada Vlad Listevin və Azərbaycanda Elmar Hüseynovun qətlini bir-birinə bənzədib. “Hər iki jurnalistin qətli eyni dövrə təsadüf edir və hər iki jurnalistin qətlinin açılması da eyni ssenari üzrə uzadılır”, - deyə “Yeni Nəsil” Jurnalistlər

<!-- IMAGE -->

Birliyinin sədri Arif Əliyev qeyd edib.
O, eyni zamanda Azərbaycan mediasının bir sıra rəhbərlərini Elmar Hüseynovun məzarı üzərində keçirilən xatirə mərasiminə gəlməməkdə ittiham edib.
Bir sıra çıxışlarda ölkə müxalifəti də tənqid edilib. “Mən müxalifəti birləşərək, demokratik dəyərlər uğrunda mübarizəyə çağırıram. Hakimiyyətə xidmət edən müxalifət demokratik dəyələrin bərpasına nail ola bilməz”, - deyə publisist Xaliq Bahadır bildirib.
Natiqlər günahkarların iqtidarda axtarılmasına da işarə edib. Onlar qətlin açılmamasının səbəbini də məhz bunda axtarmağı məsləhət bilib. “Elmarın qətli 99 faiz hazırkı iqtidarla bağlıdır. 5 il müddətində qətlin açılmaması da bunu bir daha sübut edir”, - deyə Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynli qeyd edib
“Xalq Cəbhəsi” Partiyasının sədri Əli Kərimli Elmar Hüseynovun güllələnməsini, eyni zamanda Naxçıvanın Bənənyar kəndində Xalq Cəbhəsi Partiyasının yerli təşkilatının sədrinin həbsdən sonra vəfat etməsini, blogerlərin və jurnalistlərin həbsini siyasi qətl adlandırıb. “Mən bu qətllərdə günahlı olanların cəzasını alacağına inanıram”.
Hüquq müdafiəçisi Leyla Yunus mətbuatı Elmar Hüseynovun korrupsiyanı, rüşvəti, hakimiyyətdaxili, klanlararası savaşı ifşa edən məqalələrini yenidən dərc etməyə çağırıb. “Elmar Hüseynovu vaxtı ilə kimlərin məhkəməyə verdiyini və məhkəmələrin qərarlarının monitorinqini aparmaq qəsdin sifarişçilərinin kimliyini müəyyən etmək üçün bəs edir”.
Öz növbəsində, Milli Təhlükəsizlik nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, hazırda cinayət işinin istintaqı davam etdirilir.
“Cinayəti törətmiş şəxslər məlumdur. Bunlar Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevdir. Həmin şəxslərin tutularaq Azərbaycana təhvil verilməsi üçün Gürcüstana müraciət edilib, ancaq Gürcüstan vətəndaşı olduğunu əsas gətirərək onların verilməsindən imtina edib”. Cənab Babayev jurnalistin siyasi sifarişlə qətli ilə bağlı deyilənləri isə təkzib edib.
Milli Məclisin sədr müavini Bahar Muradova isə Amerikanın səsi radiosuna bildirib ki, istintaqınsəmərəli nəticə verəcəyinə inanır. “Jurnalist Elmar Hüseynovun qətlinin açılması ilə bağlı hüquq-mühafizə orqanları üzərinə düşən vəzifəni yerinə yetirməkdədir. İstərdim ki, aparılan istintaq işi səmərəli nəticəsini versin və cinayəti törədənlər həbs edilsin”.
Amerikanın Azərbaycandakı səfirliyi də cinayətin açılıb qatillərin cəzalandırılmasına çağırıb. Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Teri Devidson jurnalistin qətlini cəmiyyətin faciəsi kimi qiymətləndirir.
“Elmar Hüseynovun qətli, əlbəttə ki, insan faciəsidir. Biz bir daha Elmarın ailəsi ilə öz kədərimizi bölüşdürürük.
Lakin, jurnalistin qətli bütövlükdə cəmiyyətə hücumdur.
Biz bir daha çağırırıq ki, Elmar Hüseynovun qatilləri həbs edilib məhkəmə qarşısında cavab versinlər.
Demokratiya o zaman güclənir ki, mətbuata məhdudiyyət qoyulmadan, azad və müstəqil şəkildə fəaliyyət göstərir”.
Elmarın anım mərasimində mərkəzi qərargahı Nyu-Yorkda olan “Xəbər Ombudsmanı” təşkilatının nümayəndəsi Sibi Hanif də iştirak edib. O jurnalistlərin qətlini pisləyir.
“Elmar Hüseynovun qətlindən, blogerlərin və jurnalistlərin həbsindən çox məyus olmuşam. Hesab edirik ki, jurnalistlərin peşə vəzifəsini yerinə yetirməsinə heç nə mane olmamalıdır”, deyə o qeyd edib.

XS
SM
MD
LG