Accessibility links

Türkiyə, Azərbaycan, Ermənistan görüşünün keçirilməsi təklif edilib


Türkiyə, Azərbaycan, Ermənistan görüşünün keçirilməsi təklif edilib
Türkiyə, Azərbaycan, Ermənistan görüşünün keçirilməsi təklif edilib

<!-- IMAGE -->

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə, Azərbaycan və Ermənistan arasında üçtərəfli danışıqların keçirilməsini təklif edib. Türkiyənin “Hürriyyət” qəzetinin məlumatına görə, cənab Davudoğlu deyib ki, əgər Bosniya ilə Serbiya neçə min insanın qətli ilə nəticələnən dəhşətli müharibədən sonra münasibətlərini bərpa etdilərsə, demək, Azərbaycanla Ermənistan arasında da sülh yaranması imkanı tükənməyib. “Türklərlə serblər arasında münaqişə 1300-cü ildən davam edib, ermənilərlə aramızdakı problemin isə 100 ilə yaxın tarixi var. Onu da nəzərə almaq lazımdır ki, türklərlə serblər birgə yaşamayıblar, ermənilərlə isə daim təmasda olmuşuq. Əgər serblərlə münasibətlərimizi cəmi bir il içərisində normallaşdırdıqsa, ermənilərlə də bunu etmək mümkündür”.
Buna baxmayaraq, cənab Davudoğlu Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkmədiyini, Yerevanın Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən kənarda saxlamağa çalışdığını xatırladıb.
Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib ki,

<!-- IMAGE -->

Türkiyənin təklifinə Ermənistan müsbət cavab verərsə, Azərbaycan müvafiq qərar verəcək.
Politoloqlar da Türkiyə xarici işlər nazirinin təklifini müsbət qarşılayır. Onların fikrincə, münaqişənin həllində həlledici qərarların verilməsi Ermənistanın səmimiliyindən asılıdır. İqtidarda olan “Yeni Azərbaycan” partiyasının icra katibinin müavini Mübariz Qurbanlı hesab edir ki, üçtərəfli görüş çox faydalı olar.
Politoloqun fikrincə, Ermənistan Türkiyə və Azərbaycanla sərhədləri açmaq istəyir. “Bunun üçün ilk öncə işğal altında olan Azərbaycan torpaqları azad edilməlidir. Ermənistan sərhədləri işğal etdiyi torpaqları azad etmədən açılmasına cəhd edir. Bu isə mümkün deyil”.
Politoloq Eldar Namazov Türkiyənin danışıqlarda vasitəçi kimi deyil, tərəf kimi iştirakını vacib sayır. “Ona görə ki, Ermənistan yalnız Azərbaycana deyil, Türkiyəyə qarşı da ərazi iddiası edir”.
Politoloq son zamanlar, münaqişənin həlli ilə bağlı yenilənmiş Madrid prinsipləri barədə pozitiv bəyanatların həlledici olmadığını düşünür. “Çünki Ermənistan yenilənmiş Madrid sənədini tam qəbul etməsi barədə hər hansı açıqlama verməyib”.
Ermənistanın isə nə cənab Davudoğlunun təklifinə, nə də yenilənmiş Madrid sənədinə birmənalı münasibəti bəlli deyil. Ermənistan prezidenti Serj Sarkisyan Euronews televiziyasına müsahibəsində Türkiyənin təklifi və yenilənmiş Madrid sənədindən yan keçərək Azərbaycana güc tətbiq etməmək barədə saziş bağlanmasını təklif edib. Onun fikrincə, münaqişənin səbəblərini aydınlaşdırmadan nəticələrini aradan qaldırmaq olmaz. «Səbəblərə gəldikdə, biz öncə Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsindən danışırıq. Bu, həll olunan kimi, regional problemlərin həlli ilə bağlı digər proseslər asan və tez gedəcək. Məlumdur ki, biz - ermənilər münaqişənin həllində daha maraqlıyıq. Onun uzunmüddətli olmasını - regionda sülh və təhlükəsizliyin bərqərar olmasını istəyirik, sadəcə, Dağlıq Qarabağı Azərbaycana hədiyyə etmək yox. Bu, Dağlıq Qarabağın mövcudluğunun sonu demək olardı”.
Ermənistan prezidenti Dağlıq Qarabağın Azərbaycana ötən əsrin əvvəlində Sovetləşmə zamanı verildiyini iddia edib. “Amma Qarabağla bağlı dünya ictimaiyyəti təkid edir ki, o, Azərbaycanın tərkib hissəsidir. Sizə elə gəlmirmi ki, bu, məntiqli deyil? - deyə Ermənistan prezidenti bir qədər öncə Londonda verdiyi «Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkib hissəsi olmayıb» bəyanatını faktiki təkrar edib.
Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan danışıqlar prosesində öz prinsipial mövqeyindən bir addım geri atmayıb. “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları oraya qayıtmalıdırlar. Bütün kommunikasiyalar açılmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa mütləq qayıdacaq azərbaycanlılar yüksək muxtariyyət statusunda yaşamalıdırlar”.
Prezidentin fikrincə, danışıqlar münaqişənin həlli üçün həlledici mərhələdədir. “Demək olar ki, danışıqların əsas hissəsi prinsip etibarilə başa çatıb. Təqdim olunan təkliflər deyə bilərəm ki, bütövlükdə müəyyən kiçik istisnalarla Azərbaycanın maraqlarını, Azərbaycanın ərazi bütövlüyünü, işğal edilmiş bütün rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını təmin edir”, - deyə dövlət başçısı qeyd edib.
Eyni zamanda dövlət başçısı dolayısı ilə danışıqların müsbət nəticələrinə ümid etmədiyinə də işarə edib. O deyib: “Biz müharibə şəraitində yaşayırıq. Təsadüfi deyil ki, bizim dövlət xərclərimizin əsas hissəsi müdafiə məqsədlərinə yönəldilibdir”.
Politoloq Eldar Namazov da hesab edir ki, son 6 ildə danışıqlar mövzusu olan Praqa prosesinin pozulmasının ciddi siyasi nəticələri ola bilər. “Bu əslində müharibənin yenidən alovlanması deməkdir”.

XS
SM
MD
LG