Accessibility links

İraq: Amerikanın planları və Türkiyənin qayğıları - 2002-11-15


Amerikanın İraqa qarşı mümkün hərbi əməliyyatlarında Türkiyə şübhəsiz əsas rol oynayacaq. Lakin bu hərbi əməliyyatların nəticələrilə bağlı Türkiyə öz narahatlığını ifadə edir. Burada İraqın ərazi bütövlüyü və ölkənin şimalında kürd dövlətinin yaradılması narahatlığa səbəb əsas məsələlərdir. Söhbət həm də bir sıra iqtisadi və humanitar faktorlardan, habelə regionda sabitlikdən gedir.

Regionda uzun zamandır Amerikanın müttəfiqi olan Türkiyə hərbi əməliyyatlar başlasa İncirlikdəki hərbi baza ilə yanaşı, Diyarbakır və Malatyada da digər hərbi hava bazalarından istifadə etməyə icazə verəcək. Bundan başqa, Amerika Aralıq dənizindəki Mersin limanından istifadə edilməsi və kəşfiyyat mə’lumatlarının bölüşdürülməsini də istəyə bilər. Öz növbəsində, Türkiyə müharibənin ən çox tə’sir edəcəyi bir ölkə kimi, Amerikanın planlarından narahatdır. Buna baxmayaraq, türklər arasında baha başa gəlsə də, Amerikanın hərbi kampaniyasına dəstək verənlərin sayı artmaqdadır. Türklər belə bir fikir də söyləyirlər ki, Amerikanın tərəfində fəal iştirak etməyə hazırlıq nümayiş etdirərək Türkiyənin İraqın gələcəyində mühüm rol oynacağını göstərmək vacibdir. Narahatlıqlara gəldikdə, burada bir neçə faktor göstərilir. Söhbət ilk növbədə, İraqın ərazi bütövlüyü və kürd məsələsindən gedir. Türkiyədə hesab edirlər ki, Körfəz müharibəsindən sonra İraqın şimalında yaranmış hakimiyət boşluğu nəticəsində Kürdüstan Fəhlə partiyası, PKK-nin Türkiyədə iğtişaşlar yaradan üzvləri orada sığınacaq tapa bildilər. Türkiyə indi də ehtiyat edir ki, ikinci dəfə hakimiyyət boşluğunun yaranması İraqın parçalanmasına gətirib çıxara bilər. İraqın şimalında yarana biləcək kürd dövləti isə Türkiyədəki kürd separatçılarına nümunə ola bilər. Türkiyə İraqda iki əsas kürd qrupu, Kürdüstan Demokratik partiyası və Kürdüstan Vətənpərvər Birliyi ilə müəyyən razılıqların əldə olunmasına nail olasa da, onların müstəqil dövlət yaratmağa çalışmayacaqları haqda və’dlərinə inanmır. Həm hakimiyyətədən getməkdə olan baş nazir Bülent Ecevit, həm də Türkiyənin digər rəsmi nümayəndələri faktiki olaraq İraq kürdlərinin İraqın şimalında dövlət yaratdıqlarını e’tiraf edirlər. Buna görə də indi Amerikanın hərbi kampaniyasının başlanması ehtimalı artdıqca Türkiyənin də İraqda kürd dövlətinin yaranması ilə bağlı narahatlıqları da artmaqdadır. Bu ilin avqust ayında kürdlərə daha artıq muxtariyyət və neftlə zəngin Kərkükə nəzarət imkanı verən federal İraq üçün hazırlanmış -konstitusiyanın son variantı ilə bağlı Türkiyə və Kürdüstan demokratik partiyası arasında gərginlik bir daha üzə çıxdı. Türlkiyə Habur sərhəddini bağladı və beləliklə də KDP-nin İraqdan Türkiyəyə demək olar ki, qeyri-qanunu yolla gətirilən benzindən əldə etdiyi gəlirləri kəsildi. İkitərəfli münasibətləri bərpa etmək üçün partiyanın lideri Məs’ud Bərzani və digər yüksək səviyyəli nümayəndələr KDP-nin İraqın ərazi bütövlüyü prinsipinə sadiq qaldığını söylədilər və Türkiyənin milli təhlükəsizliyi və suverenliyinə qarantiyaları bir daha təsdiqlədilər. İraq kürdlərinin hərəkatını balanslaşdırmaqdan ötrü Türkiyə İraqa türkmənlərinin hüquqları məsələsini ortaya atır. Linqvistik baxımdan İraq tükrmənləri tükrlərə qohumdur. Türkiyənin dövlət başçılarının İraqda təxminən 3 milyona yaxın türkmənin yaşadığını söyləməsinə baxmayaraq, Bağdad bundan qat-qat aşağı rəqəmlər gətirir. Türkiyə qərargahı Ankarada yerləşən İraq Türkmənləri Cəbhəsini müdafiə edir. Cəbhə İraqın etnik deyil, federal hökumət əsasında unitar dövlət olması fikrini dəstəkləyir. Türkmənlər İraqın şimalında neftlə zəngin Kərkükdə məskunlaşmışlar. Türkiyə neftdən əldə edilən gəlirlərin İraq kürdlərinin dövlətinə çatmasına istəmir. Birləşmiş Ştatların hərbi əməliyyatlarının gerçəkləşə biləcəyi bir şəraitdə bə’zi təhlilçilər hesab edirlər ki, Türkiyə türkmənlərə görə səmimi narahatlıqlarından istifadə edib İraq kürdlərinin neftə nəzarətinin qarşısını almaq üçün oraya müdaxilə edə bilər. Türkiyənin xarici işlər nazirliyinin rəsmi nümayəndələri belə bir ssenarinin mövcud olmadığnı deyir və İraqın daxili işlərinə qarışmayacaqlarını bildirirlər. Rəsmi nümayəndələr bugünkü qayğılarını Bolqarıstanda kommunist dövrü türklərin vəziyyətilə bağlı keçirdikləri hisslərlə müqayisə edirlər. Türklərin ərazi iddiaları haqda Körfəz müharibəsi zamanı da fikirlər söylənmişdi, lakin əməliyyatlar zamanı Türkiyə hərbi qüvvələrinin belə planların həyata keçirilməsinə çalışmaması bu fikirlərin əsassız olduğunu göstərdi. Həm Türkiyə, həm İran İraqın ərazi bütövlüyunün saxlanmasına çalışacaqları haqda razılıq əldə etmişlər və Türkiyənin bu razılığın əleyhinə gedəcəyi gözlənilmir.

XS
SM
MD
LG