Accessibility links

BMT müfəttişləri İraqla bağlı hesabat verdilər - 2003-02-14


BMT-nin silahlar üzrə baş müfəttişi Hans Bliks və onun Beynəlxalq Atom enerji agentliyindən həmkarı Məhəmməd Əl-Baradei bu gün BMT-nin Təhlükəsizik Şurasına İraqın qadağan olunmuş kütləvi qırğın silahları ilə bağlı olduqca mühüm hesabat verdilər. Bu hesabat silahlar üzrə baş müfəttişlərin Bağdada səfərindən və keçən həftə Birləşmiş Ştatların Dövlət katibi Kolin Pauelin İraqın silah proqramları ilə bağlı çıxışından sonraya təsadüf edir. Diplomaitk sə’ylərin fəal şəkildə davam etdirilməsi və üç həftədir gərgin müzakirələrin aparılmasına baxmayaraq, BMT-nin Təhlükəsizlik Şurası İraqı tərksilah etmək üçün BMT təftişinin davam etdirilməsi, ya da ölkəyə qarşı hərbi qüvvə işlədilməsi məsələsində bir fikrə gələ bilmir.

Silahlar üzrə baş müfəttiş Hans Bliksin bugünkü çıxışında bir daha qeyd edildi ki, hələ yoxlamalar zamanı İraqda kütləvi qırğın silahları aşkar edilməyib. Lakin baş müfəttiş İraqın qadağan olunmuş kütləvi qırğın silahlarının miqdarını göstərməməsini böyük narahatlıq kimi qiymətləndirmişdir. Hans Bliks bildirdi ki, BMT-nin bioloji və kimyəvi silahların yoxlanışını keçirən monitorinq təşkilatı İraqın uzun mənzilli əl-Səmud tipli raketlərinin əhatə dairəsinin BMT-nin müəyyən etdiyi limitdən artıq olduğu qənaətinə gəlmişdir. İraqın kimyəvi və bioloji silah arsenalına gəldikdə, baş müfəttiş dedi ki, İraq hökuməti kimyəvi silahlar, məsələn, qara yara bakteriyası, ya da VX əsəb qazı üçün kimyəvi reaktivlərin miqdarını nə üçün göstərmədiyini izah etməlidir. “Nümunə kimi, İraqın bizə təqdim etdiyi min ton kimyəvi reaktivin hesaba alınmağı deyilən sənədi götürək. Mən onların mövcudluğuna dair nəticə çıxarmağa tələsmirəm. Amma onların mövcud olmasının mümkünlüyü də istisna edilmir.” Hans Bliks dedi ki, ən çətin məsələ də indi bu maddələrin miqdarını tə’yin etməkdir. Hans Bliksin qeyd etdiyi kimi, İraq son həftələr əməkdaşlıq etmək sahəsində müəyyən addımlar atmış, lakin bunun tam əmkdaşqlı kimi qiymətləndirmək olmaz. İraq BMT müfəttişlərilə daha fəal və daha sür’ətlə əməkdaşlıq etməlidir-deyə baş müafəttiş əlavə etdi. Hans Bliks və Məhəmməd Əl-Baradeinin Bağdada son səfərləri zamanı İraq hökuməti U-2 kəşfiyyat təyyarəsinin uçuşlarına razılığını vermişdir. İraq alimlərlə təkbətək sorğu aparılmasına da razı olmuşdur. İndiyə qədər 4 təkbətək müsahibə keçirilmişdir. Bugünkü hesabatdan əvvəl İraq prezidenti Səddam Hüseyn kütləvi qırğın silahları ilə ticarət və onların inkişafına qadağa qoyan dekret imzalamışdır. İraqın əməkdaşlığı Hans Bliksin dediyi kimi, hərbi müdaxilənin qarşısını almağın ən yaxşı yolu ola bilərdi. Bu, BMT-nin Təhlükəsizlik Şurasının məsələnin dinc yolla həll edilməsi üçün sə’ylərin davam etidirilməsi kursuna uyğundur. İraq probleminin hərbi müdaxilə yolu ilə həlli tərəfdarı olan Birləşmiş Ştatlar və onun ən yaxın müttəfiqi Britaniya İraqın BMT-nin qətnamələrini yerinə yetirmədiyi qərarını vermişlər və Təhlükəsizlik Şurasının hərbi əməliyyatlara başlamaq üçün yeni qətnamə qəbul etməsini istəyirlər. Lakin Şuranın digər üzvləri BMT təftişinin davam etdirilməsi tərəfdarı kimi çıxış edirlər. Bu gün Hans Bliks və Məhəmməd Əl-Baradeinin hesabatından sonra da Təhlükəsizlik Şurasının daimi üzvləri, Fransa, Çin və Rusiya BMT təftişinin davam etdirilməli olduğunu və hərbi əməliyyatlara başlamaq üçün əsasın olmadığı fikrini söylədilər.

XS
SM
MD
LG