Accessibility links

ABŞ və Türkiyə yardım barədə razılığa gələ bilməyiblər - 2003-02-19


Türkiyə hökuməti bazarertəsi günü Birləşmiş Ştatlardan tələb edib ki, Amerika qoşunları Türkiyə ərazisində yerləşdirilməmişdən qabaq bu ölkəyə təklif etdiyi yardımın miqdarını artırsın.

Vaşington Post yazır ki, Türkiyənin tələbi Buş İdarəsinin mümkün müharibədə İraqa Şimaldan cəbhə açma planlarını təhlükə qarşısında qoyub. Ona görə ki, Türkiyə hökuməti Amerika qoşunlarının Türkiyə ərazisindən istifadə etməsinin parlament tərəfindən təstiqini indilik dayandırıb. Tank və ağır texnika daşıyan dörd Amerika gəmisi Türkiyə sahilləri yaxınlığında gözləməli olub. Yirmidən otuza qədər əlavə gəmi və təqribən 15 min hərbiçinin də qısa müddət ərzində Türkiyədə olması nəzərdə tutulub. ABŞ rəsmiləri bildiriblər ki, 48 saat ərzində bir razılığa gəlinməsə tanklar və hərbi texnika başqa yerə göndəriləcək və müharibə planı yenidən hazırlanacaq.

Türkiyənin hərəkəti Buş idarəsinin müharibə planlarını çətinləşdirən əlavə amillərdən biri olub. Birləşmiş Ştatların Türkiyəyə yardım barədə axırıncı təklifi 6 milyard dollardır ki, bu 20 milyard dollara qədər borc alınmasına imkan verəcək. Türkiyə isə 10 milyard dollara qədər yardım tələb edir. ABŞ rəsmiləri isə yardımın miqdarını həddən artıq artıra bilməyəcəklərini bildiriblər. Ağ Evin nümayəndəsi Ari Fleyşer bildirib ki, məsələ hər hansı bir şəkildə həll ediləcək ancaq artıq qərar vaxdıdır. Vaşington Post yazır ki, ABŞ-ın müharibə planlarında Türkiyənin əsaslı rolu var. ABŞ qoşunlarını həm Türkiyə üzərindən həm də Cənubdan Bağdada göndərmək istəyir. Müdafiyə nazirliyinin bir nümayəndəsinin fikrinə görə Türkiyədəki bazalardan istifadə etmədən İraqın Şimaldan, ağır zirəhli maşınlar və motorlaşdırılmış qüvvələrlə işğal edilməsi mümkün dəyil. Vaşington Post müdafiyə nazirliyinin bir nümayəndəsinə istinad edərək yazır ki, Türkiyə ilə danışıqlar hardasa çıxılmaz vəziyyət almışdır. Nyo York Tayms isə yazır ki, Türkiyə bazarertəsi axşam saat onda Amerikanın Ankaradakı səfiri Robert Pearsonı xarici işlər nazirliyinə çağıraraq yardım barədə tələblərini ona bildirib və o da Vaşingtona xəbər verib. Türkiyənin rəsmi nümayəndələri dünən axşam Birləşmiş Ştatlardan bir cavab almadıqlarını bildirmişlər. Ağ Evin nümayəndəsi Ari Fleyşer Türkiyənin rəhbərliyini Amerikanın yardım təklifini olduğu kimi qəbul etməyə çağırıb. Türkiyə parlamenti ABŞ qoşunlarının öz ərazisində yerləşdirilməsinə səlahiyyət vermə barədə səsverməni Amerikadan cavab alana qədər təxirə salıb. Amerika isə artıq müharibə üçün Türkiyənin iştirak etmədiyi alternativ planı da hazırlayıb və həftənin axırına qədər bir razılıq əldə edilməsə Türkiyə sahilləri yaxınlığında gözləyən və yolda olan hərbi texnika və qoşunlar İran körfəzi regionuna göndəriləcək. Türkiyənin liderləri isə açıq olaraq bildiriblər ki, onlar axırda Amerikanın rəhbərliyində İraqa qarşı başlayacaq müharibədə iştirakdan imtina edə bilərlər. Nyo York Taymz yazır ki, iki tərəfdə müzakirələrdə güclü mövgeidən çıxış etdiyini və qarşı tərəfin onun fikrini axırda qəbul edəcəyini fikirləşir. Bu isə məsələnin həllini çətinləşdirir. Türkiyə Amerikanın müharibəyə onsuz başlamayacağı fikrindədir. Birləşmiş Ştatlar isə Türkiyənin onun təklifini rədd edə bilməyəcəyinə inanır.

XS
SM
MD
LG