Accessibility links

Siqaretin sağlamlığa zərərli təsirləri - 2003-03-14


İllərdir alimlər siqaret çəkməyin sağlamlığa zərəri haqda xəbərdarlıq edirlər. Buna baxmayaraq, bütün dünyada adamlar siqaret çəkməyə davam edir. Ümumdünya Səhiyyə təşkilatının hesablamalarına görə, hər il təxminən beş milyona yaxın adam siqaret çəkməyin nəticəsində ölür. Bu rəqəm ildən-ilə artır. Təşkilat xəbərdarlıq edir ki, əgər problemin qarşısı alınmasa, 2020-ci ildə tütündən istifadə etmək nəticəsində 8 milyona yaxın adam həlak olacaq. Birləşmiş Ştatlarda 46 milyona yaxın adam siqaret çəkir. Bu il Amerikada siqaret çəkmək nəitcəsində yaranmış xəstəliklərdən təxminən 440 min adamın öləcəyi gözlənilir. Tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Siqaret çəkmək habelə, ürək xəstəlikləri, iflic və xərçəng xəstəliklərinin digər formalarının yaranmasına gətirib çıxarır. Amerika Xərçəng cəmiyyətinin bildirdiyinə görə, Birləşmiş Ştatlarda ağ ciyərdə xərçəng xəstəliyinin yaranmasına 87 faiz siqaret çəkmək səbəb olur. Ağız boşluğu, qida borusu, böyrək, dalaq və mə’dəaltı vəzidə xərçəng xəstəliyi çox hallarda siqaret çəkmək nəicəsində əmələ gəlir. Ekspertlər söyləyirlər ki, təkcə siqaret çəkən adam deyil, siqaret tüstüsü ilə nəfəs alan adamlar da risk qarşısında olurlar. Hər il Amerikada siqaret çəkməyib onun tə’sirinə kənardan mə’ruz qalan 3 minə yaxın adam vəfat edir. Amerika Xərçəng Cəmiyyətinin bildirdiyinə görə, siqaret çəkməyin zərərsiz yolu yoxdur. Adamlar siqareti çəkməyə başlayan kimi, onun mənfi tə’sirlərinə mə’ruz qalır. İnsanlar siqaretin tərkibində olan nikotinə alışırlar. Nikotin alkoqol və kokain qədər güclü tə’sirə malikdir. Siqaret çəkənlərin çoxu onun tə’sirlərindən xəbərdardır. Lakin siqareti atmaq asan iş deyil. Bə’zi adamlar siqareti tam ata bilmir və gündə bir neçə siqaret çəkirlər. Digərləri tərkibində nikotinin az olduğu, ya da mentol, nanəli siqaret çəkirlər. Ekspertlər deyir ki, nanəli siqaretin zərəri adi siqaretdən də çoxdur. Çünki sərinləşdirici tə’sirə malik olduğu üçün adamlar mentolu ağızlarında və tüstünü içəri çəkdikdə ağ ciyərlərdə daha çox saxlayırlar. Bu isə adi siqaretədən də təhlükəlidir. Siqareti birdəfəlik atmaq çoxlarına mümkün olmayan bir şey kimi görünür. Həkimlər, adətən, adamlara onu söyləyirlər ki, siqaret çəkməməklə ömrünüzü uzada bilərsiniz. Bundan başqa, özünüzü daha yaxşı hiss edəcəksiniz, yaxşı görünəcəksiniz. Siqareti atan kimi xərçəng xəstəliyinin yaranması ehtimalını aşağı salırsınız. Sonuncu siqareti atan kimi qan təzyiqi 20 dəqiqə ərzində normal səviyyəyə çatır. Bir gündən sonra infarkt keçirmə şansı azalır, bir ildən sonra isə ürək xəstəliklərinin inkişaf etməsi riski siqaret çəkən adamla müqayisədə yarıya enir. Siqareti atmaq üçün indi müxtəlif üsullardan istifadə edirlər. Məsələn, siqaret çəkən adam nikotini əvəz edən kiçik meterialı dərisinin altına yerləşdirir. Onlar tərkibində nikotin olan məhsulları çeynəyə də bilərlər. Siqaret çəkməyi dayandırmaq üçün müxtəfli başqa yollar da var. Burada bə’zən eyni zamanda bir neçə vasitədən istifadə edirlər. Ekspertlər adamların siqareti atdıqda özlərini narahat hiss etdiklərini, bə’zən stres keçridiklərini söyləyirlər. Bə’zi adamlarda bu, baş ağrıları və mə’dədə ağrılarla müşayət olunur. Hər şey sizin psixoloji hazırlıqdan asılıdır. Əgər birdəfəlik siqareti atmaq fikrindəsinizsə, ümidinizi itirməyin. Özünü təlqinlə məşğul olun, çalışın gələcək həyatınızın daha xoşbəxt olacağını düşünəsiniz. Nikotinin bir daha həyatınıza hakim olmayacağınızı özünüzə söyləyin. Sağlam həyat keçirməyə çalışın. Həftədə heç olmasa, iki dəfə qaçmağa, təmiz havada gəzməyə çalışın. Bir də gördünüz, bir gün gələcək və siz siqareti tamamilə atmış olacaqsınız. Yəqin ki, bunlara skeptik yanaşanlar var. Amma hər halda, sonda onu demək olar ki, alışqanı növbəti siqaretə yaxınlaşdırdıqda yaxşı fikirləşin, sağlam olmaq istəyirsinizmi?

XS
SM
MD
LG