Accessibility links

Dünyanın ən bahalı şəhərləri hansılardır? - 2003-07-28


Qərargahı Londonda olan mö’təbər “Ekonomist” jurnalının araşdırma qrupunun keçirdiyi sorğuya əsasən, Asiyanın iki şəhərinin bahalı şəhərlər siyahısında ən yuxarı yerləri tutmasına baxmayaraq, Avropa dünyanın ən bahalı regionudur.

“Ekonomist” jurnalının araşdırma qrupunun bu gün açıqladığı hesabatda dünyanın ən bahalı 10 şəhərindən yeddisinin Avropada olduğu deyilir. Norveç paytaxtı Oslo dünyanın ən bahalı şəhərləri arasında üçüncü yerdədir. 10 ən bahalı şəhər kateqoriyasında bundan sonrakı yerləri Sürix, Kopenhaqen, Jenevrə, Paris, Reykyavik və London tutur.

Tokio və Osaka artıq on ildir bu siyahıda yuxarı yerlərdə gəlirlər. Honq-Konq beşinci yerdədir. Hesabatı hazırlayan Bil Ricersin bildirdiyinə görə, Avropada avro və digər valyutaların kurslarının yuxarı olması qit’ədə yaşama minimumunu yüksək səviyyədə saxlayır. “ Avronun ABŞ dollarına nisbətən kursunun yuxarı olması ilə avro zonasına daxil olan ölkələrdə yaşama minimumunun və qiymətlərin nisbətən artdığını müşahidə edirik. Bunun əksinə olaraq, dolların bir qədər zəifləməsilə Amerika şəhərlərində ucuzluğa görə bu şəhərlərin siyahıdan çıxdığını görürük.” Nyu York 10 ən bahalı şəhər siyahısından çıxaraq indi 13-cü yerdə durur. Latın Amerikasının şəhərləri regionda davam edən iqtisadi böhrana görə, bahalı şəhərlər kateqoriyasından çıxıblar. Mexiko bu dəfə siyahıda 56-cı yerdə, Sao Paolo 120-ci yerdə gedərək siyahıda aşağıdan dördüncü yerdədir. Dünyanın ən ucuz şəhəri isə Tehrandır. Burada yaşama minimumu Tokiodakının dörddə birini təşkil edir. Sorğu zamanı “Ekonomist” jurnalının araşdırma qrupu hesabatı hazırlamaq üçün dünya şəhərlərində çörək və süddən tutmuş, avtomobillər və kommunal xidmətlərə qədər müxtəlif qiymətləri öyrənmişdir. Yaşama minimumu ilə bağlı hesabat biznes şirkətləri tərəfindən xarici ölkələrdə icraedici nümayəndələr və onların ailələri üçün ayrılacaq vəsaitin hesablanmasında istifadə olunur.

XS
SM
MD
LG