Accessibility links

İsrailin Qəzzada reydi zamanı yeddi fələstinli qətlə yetirilib - 2003-10-10


İsrail hərbi qüvvələrinin Misirdən silah qaçaqmalçılığında istifadə edilən tunelləri aşkar edib bağlamaq məqsədi ilə keçirdiyi əməliyyat nəticəsində Qəzza şəhərində 7 Fələstinli qətlə yetirilib. Ölənlər arasında iki uşağın olduğu xəbər verilir. İsrail əsgərləri tanklar və zirehli texnikanın müşayəti ilə Qəzza zolağının Misirlə sərhəddə yaxın ərazilərində yerləşən Rafah qaçqın düşərgəsinə daxil olmuşlar. Hərbi qüvvələrə xüsusi təyinatlı dəstələr, o cümlədən, tunelləri aşkar etmək üçün təlim keçmiş itlərin müşayətilə texniki qoşun hissələri qoşulmuşlar. Səhər tezdən düşərgəyə daxil olan qoşunlar günortaya qədər İsrail əsgərlərilə döyüşən Fələstinli silahlı şəxslərin güclü müqaviməti ilə qarşılaşmışlar.Adamların əksəriyyətinin İsrailin hərbi vertolyotları silahlı şəxslərə atəş açdığı zaman sığınacaq tapmağa çalışaraq yaxınlıqda olması nəticəsində həlak olduğu deyilir. Əməliyyat zamanı İsrail qüvvələri həmçinin üç evi buldozerlərlə dağıdıblar. Hərbi qüvvələrin bildirdyinə görə, silahlı şəxslər bu evlərdən onlara atəş açmaq üçün istifadə ediblər. İsrail ordusu Fələstinli yaraqlıların İsrail qoşunlarını tanklara qarşı raket atəşinə tutduğunu bildirib. İsrail rəsmilərinin sözlərinə görə, Fələstinlilər Misirdən hazırkı münaqişədə əvvəl istifadə etmədikləri hərbi texnika gətirməyə cəhd göstərirlər. İsrailin bu əməliyyatı bir neçə gün davam etdirəcəyi gözlənilir.

XS
SM
MD
LG