Üsama Bin Ladenin terror şəbəkəsinin lideri Birləşmiş Ştatlara qarşı daha artıq terror hücumları ilə bağlı xəbərdarlıq verib. Ərəbdilli “Əl-Cəzirə” tele-şirkətinin - yayımladığı audio-kasetdə Əl- Qaidənin lideri Ayman Əl-Zavahrinin səsi yazıldığı guman edilir. Kasetdəki kişi səsi prezident Buşun bu yaxınlarda Əl-Qaidə üzvlərinin üçdə ikisinin ələ keçirildiyi və ya öldürüldüyünə dair çıxışının yalan olduğunu deyib. O deyir ki, prezident Buş öz müdafiə sistemini gücləndirməlidir, çünki Əl-Qaidə sentyabrın 11-də olduğu kimi hücumlar həyata keçirmək üçün daha artıq terrorçunu səfərbər edib. Bundan əvvəl isə “Əl-Ərəbiyyə” tele-şirkətinin yayımladığı lent yazısında Bin Ladenin yardımçısı Fransanın orta məktəblərdə baş örtüklərini yasaqlayan qanununu tənqid edərək, bunu qərbin müsəlmanlara nifrətinin daha bir təzahürü adlandırıb. Lent yazısında Misir, Türkiyə, Tunis və digər müsəlman dövlətlər islama qarşı kampaniyada iştirak etdiklərinə görə tənqid edilib.