Accessibility links

Fərəh Pəhləvinin xatirələri Amerikada nəşr edildi - 2004-03-06


İran şahının xanımı, şahbanu Fərəh Pəhləvi bu günlər Amerika oxucularına “Əbədi məhəbbət: mənim Şahla həyatım” adlı kitabını təqdim edib. Xanım Pəhləvi xatirələrində son 25 il sürgündə yaşadığı illəri təsvir edir.

Kitab Amerikada kütləvi informasiya vasitələrinin diqqətini özünə cəlb edə bilib. “Vaşinqton Post” qəzeti və “Nyu York Tayms” həftəlik dərgisində Fərəh Pəhləvi ilə müsahibələr dərc olunub.

“Əbədi məhəbbət: mənim Şahla həyatım” kitabı ingilis dilində Miramax Books nəşriyyat evi tərəfindən çap edilib.

Fərəh Pəhləvi ilk kitabının yazılışına üç il bundan əvvəl, kiçik qızı Leylanın ölümündən sonra yaşadığı o iztirablı günlər başlamışdır. Şahbanu kitabın əvvəlində bu sözləri yazıb: ”Mən özümü çox bədbəxt hiss edirdim, elə o vaxt yazmağa başladım.”

66 yaşlı Fərəh Pəhləvi 25 il bundan əvvəl İran şahı Məhəmməd Rza Pəhləvi ilə İranı tərk etdiyi o vaxtdan bəri həyatında baş vermiş bütün dəyişikliklərə fəlsəfi yanaşmağa üstünlük verir. Keçən illərə nəzər salan İran şahbanusu deyib: “Həyat hamı üçün, bütün təbəqələrə mənsub insanlar üçün mübarizədir, amma insan heç bir vaxt ləyaqətini itirməməlidir. İrəliyə getmək həyatda mübarizə etmək deməkdir.”

Kitabda İranda inqilabın ilk günlərində baş vermiş hadisələr, ölkədə hərcmərcilik, məhkəməsiz qətllərin həyata keçirildiyi kimi faktlar öz əksini tapıb. “Bu gün geriyə baxarkən görürük ki, biz hamımız o inqilabın bir hissəsiyik”-deyə xanım Pəhləvi xatirələrində qeyd edib.

Fərəh Pəhləvi İran şahının xərçəng xəstəliyindən əziyyət çəkməsini, amerikalıların Tehranda girov götürüldüyü zaman tibbi yardım və bir yerdə sığınacaq tapmaq üçün səy göstərərkən bəzən hətta təhqiramiz münasibətlə qaşılaşdığını təsvir edib.

Şahbanu Misirdən Birləşmiş Ştatlar, Baham adaları, Meksika və Panamaya və oradan yenidən Misrə qayıtmaq üçün özü və həyat yoldaşının qarşılaşdığı siyasi maneələrdən bəhs edir. Həyat yoldaşının siyasi irsindən danışaraq, Fərəh xanıım onu İranda və ümumən Yaxın Şərq regionunda sabitliyin qarantı hesab etdiyini deyib.
Fərəh Pəhləvinin fikrincə, İranda şah dövrü sabitlik mövcud idi.O, İranın o zaman bütün dünya ilə münasibətləri yaxşı münasibətlərini olduğunu deyib. “İnqilab baş verəndən sonra isə regionda bir baxın, nələr baş verdi. İran-İraq müharibəsi, sonra Talibana qarşı müharibə, daha sonra Körfəz müharibəsi, indi isə İraqda müharibə”-deyə Fərəh Pəhləvi əlavə edib.

Şahbanu bugünkü həyatından da bəhs edib. Fərəh Pəhləvinin bu gün yaşadığı həyat əvvəlkindən tamamilə fərqlidir. Bir zamanlar 60 nəfərin onun qulluğunda dayandığı Fərəh xanımın indi iki köməkçisi və bir sürücüsü var. Fərəh Pəhləvi maliyyə çətinliklərindən danışır.

“Əbədi məhəbbət: mənim Şahla həyatım” kitabının satışından Fərəh Pəhləvi 200 min dollar qonorar alıb. Vergini ödəyəndən sonra müəllifin özünə bu məbləğdən 150 min dollar qalır. Fərəh Pəhləvi qonorarın çekini xatirə kimi saxlayır. Bu, şahbanunun həyatında qazandığı ilk gəlirdir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG