İran Tehranın BMT-nin nüvə agentliyi ilə tam əməkdaşlıq etmədiyilə bağlı ittihamlara baxmayaraq, Səkkizlər qrupuna nüvə proqramını sona çatdırmaq məqsədi olmadığı haqda xəbərdarlıq edib. Xarici işlər nazirliyi öz bəyanatında İranın nüvə proqramının sülh məqsədi daşıdığını və nüvə silahı istehsal etmək niyyəti olmadığını bir daha israrla bildirib. Bəyanatda deyilir ki, qərb hökumətləri İranın nüvə tədqiqatları aparmaq hüququndan imtina edəcəyini gözləməməlidirlər. Çərşənbə günü dnüyanın sənayesi inkişaf etmiş səkkiz dövlətindən ibarət Səkkizlər qrupunun sammitində liderlər İranı nüvə sahəsində fəaliyyətlərini BMT-nin nüvə agentliyinin müfəttişlərinə tam açıqlamaq istəməməkdə ittiham edərək bəyanat vermişlər. Səkkizlərin liderləri İranı nüvə proqramı ilə bağlı problemləri həll etmək üçün tam və ciddi əməkdaşlığa çağırmışlar.