İsrailin xarici işlər naziri Silvan Şalom deyib ki, İsrail Avropa Birliyi müşahidəçilərinin Fələstində yanvarın 9-da keçiriləcək seçkilərdə iştirakına şərait yaradacaq. Cənab Şalom bunu bu gün, Britaniyanın xarici işlər naziri Cək Strou ilə Qüdsdə keçiriləcək görüşdən əvvəl bəyan edib. O deyib ki, İsrail seçkilərin azad və demokratik şəraitdə keçməsi üçün beynəlxalq müşahidəçilərin iştirakına təminat verəcək. O, bunun ancaq beynəlxalq ictimaiyyət üçün deyil ən əvvəl Fələstin xalqı üçün edildiyini deyib. Britaniyanın xarici işlər naziri Cək Strou İsrailin bu bəyanatını alqışlayıb. Xarici işlər nazirlərinin görüşü cümə axşamı günü keçiriləcək.