İranda insan hüquqları müdafiəçisi və Nobel mükafatı laureatı Şirin Ebadi ölkədə sərt-xətt yönümlü ədliyyə strukturuna qarşı yeni kampaniyaya başlayıb. Xanım Ebadi tələb edir ki, İran hökuməti insanların karserə salınmasını qadağan etsin. Tehranda çıxış edən Ebadinin dediyinə görə İran hökuməti karserdən siyasi dissidentlərin susdurulması vasitəsi kimi istifadə edir. Xatırladaq ki, dünən İran İnqilabi Məhkəməsi tərəfindən çağırılan Şirin Ebadi məhkəməyə gəlmədən imtina edib. Heç bir rəsmi ittihamın göstərilməməsini önə çəkən Ebadi bildirib ki, İnqilabi məhkəmənin şəxsi şikayətləri nəzərdən keçirmək ixtiyarı yoxdur; belə ki, o, milli təhlükəsizlik məsələləri ilə məşğul olur. Birləşmiş Ştatlar Dövlət Departamenti bildirib ki, Vaşinqton bu məsələni diqqətlə izləyir.