Ukraynanın müxalifət namizədi Viktor Yuşenkonun ölkənin növbəti prezidenti kimi vəzifəsinə başlaması üçün andiçmə mərasimi bazar gününə təyin edilib. Beləliklə ölkədə parçalanma təhlükəsi yaradan, Rusiya ilə münasibətləri gərginləşdirən və 3 aya yaxın davam edən siyasi böhran sona çatmış olur. Müstəqillik əldə etdiyindən bəri Ukraynanın üçüncü prezidenti qələbəsini məhkəmə, kütləvi etiraz nümayişləri, zəhərlənmələrdən keçməklə əldə edə bilmişdir. Bazar günündən etibarən ölkəni yeni bir başlanğıc gözləyir. 50 yaşlı keçmiş bankir, müxalifət lideri Viktor Yuşenko hakimiyyət başına keçir. Bazar günü ölkə paytaxtı Kiyevə minlərlə Yuşenko tərəfdarının toplaşacağı gözlənilir. Artıq “xalqın prezidenti” adlandırılan Yuşenko qələbəsinin xeyrin şər, doğrunun yalan üzərində zəfərinə inanan xalqın qələbəsi adlandırmışdı. Lakin bazar günü hamı üçün ümummilli təntənə olmayacaq. Yuşenkonun rəqibi keçmiş baş nazir Viktor Yanukoviç hüquqları pozulmuş milyonlarla ukraynalı naminə Avropa məhkəməsinə müraciət edəcəyini bildirib. Viktor Yanukoviç həm də 2006-ci il mart ayı parlament seçkilərində Yuşenkoya qarşı ciddi müxalifət təşkil edəcək.