Accessibility links

Azərbaycanın İnformasiya və Texnologiyalar naziri Azərbaycanda informasiya kommunikasiya texnologiyaları üzrə  azad zonanın yaradılmasına tərəfdardır  - 2005-04-01


Azərbaycanda informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı keçid ölkələrində olan orta inkişaf səviyyəsinə uyğundur. Ümumilikdə isə Azərbaycan İKT-nin inkişaf səviyyəsinə görə ümumdünya inkişaf səviyyəsinin orta göstəricilərindən geridə qalır. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, Azərbaycan hökuməti ölkədə İKT-nin inikşafına xüsusi diqqət göstərir. "Buna görə də Azərbaycan hökuməti İKT-ni Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində üstün sahə elan edib. 2008-ci ilədək İKT-nin inkişafını orta ümumdünya göstəricilərinə çatdırmaq üçün dövlət proqramı hazırlanıb, hüquqi baza yaradılıb"-deyə o qeyd edib. Ə.Abbasov hesab edir ki, İKT sahəsində geriliyi aradan qaldırmaq üçün ilk öncə islahatlar həyata keçirilməlidir. "İslahatlar üç istiqamətdə nəzərdə tutulur. Bu istiqamətlər özəlləşdirmənin davam etdirilməsini, bazarda liberallaşmanın aparılmasını və kiçik və orta müəssisələrin bazara daxil olmasına şərait yaradılmasını və bazarda müstəqil tənzimləmə orqanının yaradılmasını nəzərdə tutur"-deyə nazir bildirib. Onun qənaətinə görə, 2008-ci ilədək proqnoz olunan ümumdünya orta göstəricilərinə çatmaq üçün Azərbaycana $ 200-250 milyon investisiya tələb olunur. "Mövcud büdcə imkanları daxilində bu investisiya mümkün deyil. Ona görə də həm yerli, həm də beynəlxalq investorlar dəvət olunmalıdır. Bu sahə olduqca gəlirli sahə olduğundan investorları daim cəlb edir"-deyə Ə.Abbasov vurğulayıb. Nazir hesab edir ki, çox böyük investisiyalar tələb edildiyindən yerli investorlar hələ buna hazır deyil. "Xarici investorları daha çox cəlb etmək lazımdır. Xarici investorlar üçün isə normal rəqabət üçün şərait çox da əlverişli deyil. Tədqiqatlar göstərir ki, bazarda təcili normal rəqabət mühitinin yaranmasına nail olmalıyıq"-deyə o qeyd edib. O, ölkədə internetin sürətinin artırılmasına nail olmağını vacibliyini də bildirib. "İnsanların azad informasiyaya çıxışının təmin olunması BMT-ni əsas siyasət sahələrindən biridir. Çünki bu təkcə iqtisadi, sosial inkişafa yox, həm də insanların humanitar inkişafına, insan hüquqlarının qorunmasına, cəmiyyətin demokratikləşməsinə kömək edir"-deyə nazir vurğulayıb. Ə.Abbasovun fikringə, Azərbaycana son zamanlar internetdən istifadənin kütləviləşdirilməsi istiqamətində mühüm addımlar atıb. "İnternetdən istifadənin qiymətinin aşağı salınması, internet provayderləri üçün lisenziyaların ləğv olunması, müxtəlif beynəlxalq rabitə resurslarının inkişafı üçün şərait yaradılması istiqamətində görülən işlər bunu bir daha təsdiq edir. Azərbaycanda internetə çıxışın sürəti hazırda da artmaqdadır. Qiymətlərin isə aşağı düşmək tendensiyası hiss olunur. Həmçinin bu istiqamətdə istifadəçilərin ümumi İKT savadı da artırılmaqdadır"-deyə o qeyd edib. Nazir İKT sahəsində ABŞ-la həm hökumət, həm də özəl şirkətlər vasitəsilə əməkdaşlıq edildiyini vurğulayıb. "Burada ən böyük gözlənilən layihə Azərbaycanı İKT sahəsində regional mərkəzə çevirməkdən ibarətdir. Əsas informasiya resursları qərbdə yerləşir və get-gedə şərqdən bu informasiya resurslarına müraciət artır. Bu tezisdən çıxış edərək Azərbaycanda tranzit informasiya mərkəzi yaratmaq istəyirik. Bu istiqamətdə qərbin, o cümlədən ABŞ-ın böyük inforamsiya bazalarının Azərbaycanda yerləşdirilməsi və Asiya ölkələrindəki istifadəçilərə Azərbaycan vasitəsilə verilməsi daha səmərəli hesab olunur. Əsas məsələ isə Azərbaycanda İKT üzrə azad iqtisadi zonanın yaradılmasıdır. Bu istiqamətdə də ABŞ-la əməkdaşlıq edirik"-deyə Ə.Abbasov bildirib. O, Azərbaycanda beynəlxalq telefon danışıqlarının qiymətinin orta dünya qiymətlərindən çox yüksək olduğunu deyib. "2004-cü ilin sentyabrında beynəlxalq telefon danışıqlarının qiyməti 25-30 faiz aşağı salınıb. Lakin qiymətlər yenə yüksək olaraq qalır. Qiymətlərin yenidən aşağı salınacağının nə vaxta təsadüf edəcəyini demək hələ tezdir. Hesab edirik ki, qiymətlərin 30-50 faiz endirilməsinin danışıqların həcminin artmasına o qədər də güclü təsiri olmur. Yalnız qiymətlər 2-3 dəfə endirilərsə effekt verə bilər. Hesab edirik ki, yalnız bu zaman respublikadan çıxan danışıqların həcmi artmağa başlayar"-deyə nazir qeyd edib. Ə.Abbasov nazirliyin iqtisadçılarının qiymətlərin yenidən aşağı salınması üzərində işlədiyini bildirib: "Hazırda Azərbaycana daxil olan danışıqların həcmi çıxan danışıqların həcmindən 4-5 dəfə çoxdur. Bu isə göstərir ki, beynəlxalq danışıqların qiyməti bir neçə dəfə aşağı salınarsa ölkədən çıxan danışıqların həcminin genişləndirilməsinə geniş imkanlar var". Nazir ödəmələr sisteminin bütövlükdə kompüterləşdirildiyini və şəffaflaşdırıldığını bildirib. "Bu barədə tam məlumatlar internet saytlarına qoyulur. Hər bir vətəndaş ödəmələr sistemində özünə aid olan bütün informasiyaya baxa bilər. Onun narazılığı da internet vasitəsilə yazışma nəticəsində həll edilir"-deyə Ə.Abbasov qeyd edib. O, mobil sektorda qiymətlərin aşağı düşməsində ətalət olduğunu deyib. "Bu isə əhali tərəfindən birmənalı qarşılanmır. Hazırda nazirlik yeni lisenziya sistemi hazırlayır. Bu mövcud lisenziya sisteminə müəyyən dəyişikliklərin həyata keçirilməsindən ibarətdir. Yeni lisenziya sisteminin tətbiqi ölkəyə yeni operatorların gəlməsinə imkanlar açacaq. Bu isə öz növbəsində qimətlərin aşağı salınmasına imkan yaradacaq"-deyə nazir bildirib. Ə.Abbasovun fikrincə, mövcud lisenziya sistemi bazarda qarışıqlıq yaradır. "Məsələn, hazırda mobil rabitə üçün lisenziya sistemi yoxdur. Yeni sistemdə mobil sektor, beynəlxalq operatorlar və kabel televiziyası ayrıca lisenziya ilə nizamlanacaq. Biz burada böyük qiymətlər təyin etməyəcəyik. Ancaq yeni lisenziya sistemi ayrı-ayrı sahədə rəqabət mühitini sektorlaşdırıb münbit şərait yaratmaq üçün nazirliyin imkanlarını genişləndirəcək"-deyə o vurğulayıb. Nazir 2015-ci ilədək dünyada bütövlükdə rəqəmli televiziyaya keçiləcəyini bildirib. "Cənubi Qafqaz regionunda yalnız Bakı şəhərində rəqəmli televiziya var. Bunun isə problemi odur ki, insanlar rəqəmli televiziyalardan hələ az istifadə edir. Analoq televiziyaları rəqəmli televiziyaya keçirmək üçün tələb olunan qurğunun qiyməti isə 100-120 dollardır. Azərbaycanda bu qurğunun istehsalını nizama salmaqla qiymətini 20-30 dollara salmaq mümkündür"-deyə Ə.Abbasov qeyd edib. O, ictimai televiziyanın AzTV-2-nin texniki bazasında efirə çıxacağını bildirib. "AzTV-2-nin texniki bazası çox zəifdir. Bu ilin mayında Ağsu televiziya qülləsi istifadəyə verildikdən sonra ölkənin 60-65 faizində ictimai televiziyaya baxmaq imkanı olacaq. Sonra isə Gəncə və Lerikdə qüllələr istifadəyə veriləcək. İlin sonunadək ictimai televiziya AzTV-1 kimi yayım infrastrukturuna malik olacaq"-deyə o vurğulayıb. Nazir hesab edir ki, ictimai televiziyaya dövldət büdcəsindən ayrılan vəsait azlıq təşkil edir. "Bu səbəbdən Ağsu televiziya qülləsində ictimai televiziya üçün ötürücüləri nazirlik öz hesabına alıb. Bundan sonra isə görülən işlərin dövlətin ayırdığı vəsait hesabına aparılması tələb olunur. Hesablamalarımıza görə, bunun üçün 2,3 milyon dolar tələb olunur. Vəsait ayrılarsa ilin sonunadək ictimai televiziyanın yayımı ölkə ərazisini bütövlükdə əhatə edəcək və peyklə yayımlanacaq"-deyə Ə.Abbasov bildirib. Onun sözlərinə görə, bu ilin birinci yarasında dövlət radiosunun əsasında yaranan ictimai radio ölkə ərazisini bütövlükdə əhatə edəcək. "İctimai radio FM dalğasında yayımlanacaq. Ancaq dövlət radiosunun texniki bazası çox köhnədir"- deyə o qeyd edib.-

XS
SM
MD
LG