Accessibility links

Amerikada korporasiyalar birləşməyə meyllidirlər - 2005-04-01


Beş il bundan öncə birjada yüksək texnika səhmləri batandan sonra ilk dəfədir ki, Birləşmiş Ştatlarda korporasiyaların birləşməsi müşahidə olunur. Jilette, Traveler's Life kimi iri şirkətlərin iştirakı ilə bu ilin yanvarından bəri artıq 150 milyard dollarlıq müqavilələr bağlanıb.

İndiyə qədər ən iri həcmli razılaşma iki istehlakçı məhsulları istehsal edən şirkətlər arasında əldə olunub. Ohayo ştatının Cincinatti şəhərində qərar tutmuş Prokter and Gamble Bostonda yerləşən və başlıca olaraq ülgüc istehsalı ilə tanınmış Jilett şirkətini almaqdan ötrü 57 milyard dollar sərf edir. Hər iki korporasiyanın nümayəndələri bildirirlər ki, onlar birləşməklə öz işlərində daha səmərəli olacaqlar və bununla da bazardakı payları genişlənəcək. Lakin bu biznes əməliyyatı nəticəsində çoxlu iş yerlərinin itiriləcəyi gözlənilir.

Özgə nəhəng ittifaq SBC korporasiyasının AT&T şirkətini alması nəticəsində meydana çıxmaq üzrədir. 167 min işçisi olan SBC bu alqını həyata keçirməkdən ötrü 16 milyard dollar xərcləyir. Telefonu ixtira etmiş Aleksandr Graham Bellıin yaratdığı 100 yaşlı AT&T bir vaxtlar dünyanın ən böyük şirkəti hesab olunurdu.

Mütəxəssislərin fikrincə əslində AT&T-nin tənəzzülü 20 il bundan öncə başladı. Amerika hökuməti bu şirkətin telefon sənayesi üzərindəki inhisarına son qoyduqdan sonra şirkət bir neçə hissəyə bölündü. Yerli telefon biznesini tərk etməyə məcbur edilən AT&T yalnız uzun məsafəli telefon xidməti üzərində öz fəaliyyətini qurmağa qərar verdi. Brukinqz İnstitutunun mütəxəssisi Robert Krandalın fikrincə bu səhv qərar idi. Çünki sonradan uzun məsafəli zənglərin qiyməti qat-qat ucuzlaşdı və bununla da AT&T ciddi maliyyə itkilərinə düçar oldu.

Qeyd edilməlidir ki, son onillik ərzində telerabitə sektorunda baş verən dəyişikliklər və sürətli inkişaf bir çox ləng şirkətlərin arxasını yerə vurub. Belə ki, yalnız sərnişin aviasiyasında rəqabət telerabitə sahəsindəkindən güclüdür. Son illərdə peyda olan mobil telefonları, kompüterlər və İnternet AT& kimi korporasiyaları yeni strategiyalar üzərində çalışmağa məcbur etdi.

Lakin bu məqamda şirkətin rəhbərləri bir-birinin ardınca yanlış biznes qərarları qəbul etdilər. Bu qərarların arasında mobil telefon və kabel şirkətlərinin lazım olduğundan baha qiymətlərə alınması vardı. məsələn istehlakçılara audio və video xidmətləri göstərməyə çalışan AT&T 2 böyük kabel şirkətini almaq üçün 100 milyard dollar xərclədi. Amma sonradan o, eyni şirkətləri yarı qiymətə satmalı oldu.

Mütəxəssislərin fikrincə Amerikanın bir növ simvolu olan AT&T-nin həyatdan getməsi müəyyən təəssüf hisi doğursa da sonda istehlakçılar bundan xeyir götürəcəklər. Belə ki, inhisarın tamamilə parçalanmasına rəğmən onlar daha çox seçimə malik olacaq və daha yüksək səviyyəli xidmət üçün az pul ödəməli olacaqlar. Amma burada uduzanlar da var. Bu sırada ən öncə AT&T şirkətinin işçiləridir. Şirkətin iflası ilə onların əksəriyyəti öz işlərindən məhrum olacaq.

AT&T-ni alan SBC korporasiyası artıq bəyan edib ki, o, birləşmiş yeni şirkətdən 13 min işçinin ixtisar edilməsini planlaşdırır.

Xatırlatmaq gərəkdir ki, şirkətlərin birləşməsi onların fəaliyyətində səmərəliliyi artırsa da bu heç də həmişə istehlakçılara faydalı nəticə vəd etmir. Belə ki, bu növ birləşmələr sənayedə inhisara yol açır ki, bu da insanlar üçün adətən qiymətlərin bahalaşması deməkdir.

XS
SM
MD
LG