Üç fələstinli yeniyetmənin İsrail qüvvələri tərəfindən öldürülməsi atəşkəs razılığını şübhə altına alıb. Hadisə müsəlman və yahudilərin müqəddəs hesab etdikləri yerlə bağlı mübahisələrin artdığı bir vaxta təsadüf edir. İslam Cihad qrupunun lideri Məhəmməd Əl-Hindinin bildirdiyinə görə Fələstin fraksiyası atəşkəsi yenidən nəzərdən keçirməlidir. Lakin o, hələlika təşkəsin qüvvəsini saxladığını bildirib. Fələstinli gənclər Qəzza və İordan çayının qərb sahilində keçirdikləri nümayişlər zamanı güllələniblər. Onlar yahudi sakinlərin Qüdsdəki müqəddəs Dağ məbədində nümayiş keçirmələrinə etiraz edirdilər. Qeyd edək ki, Əl-Əqsa məscidinin yerləşdiyi bu ərazidə yahudilər İsrailin qüvvələrini Qəzzadan çıxarmasına etiraz olaraq aksiya keçirməli idi. Bu gün İsrailin polis qüvvələri bu müqəddəs sahəni ələ keçirəcəklərini elan edən ultramillətçi yahudilərin nümayişlərinə mane olunması məqsədi ilə həmin bölgəyə yerləşdirilib. Səlahiyyətli nümayəndələr məbədə üz tutan 200-ə yaxın adamın yolunun kəsildiyini deyirlər. Bu arada İsrailin baş naziri Ariyel Şron Vaşinqtona yola düşüb. Sabah prezident Buşun Texas rançosunda keçiriləcək görüş zamanı iki ölkə liderinin İordan çayının qərb sahilində yaşayış məntəqələrinin genişləndirilməsi və İsrail qüvvələrinin Qəzzadan çıxarılması məsələrini müzakirə edəcəyi gözlənilir.