Accessibility links

İran-ABŞ münasibətlərinin gərginləşməsi Azərbaycanda dini sabitliyə təsir etməyəcək


İran-ABŞ münasibətlərinin gərginləşməsinin Azərbaycanda dini sabitliyə təsir edəcəyini düşünmürəm. Bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov «Amerikanın səsi» radiosunun sualına cavabda bildirib. Onun sözlərinə görə, Azərbaycan müstəqil siyasət yürüdür. «Təbii ki, ölkənin sərhədlərindən kənarda baş verən hər hansı hadisə insanların düşüncəsinə təsir göstərəcək. Buna baxmayaraq, Azərbaycanda daxili ictimai-siyasi vəziyyət, dini qurumlar arasındakı münasibətlər sərhədlərdən kənarda baş verən hadislərdən asılı deyil". Şöbə müdiri islam dini ilə bağlı yazısına görə həbs olunmuş yazıçı Rafiq Tağı və «Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlu ilə bağlı suala da cavab verib. «Təssüf ki, son zamanlar bəzi Avropa dövlətlərində də mətbuat və söz azadlığı fetişləşdirilərək insanların inancına qarşı təhqiramiz münasibətlər göstərilir. Bunu dini sərbəst tənqid etmək kimi qələmə verirlər. İslam dininin əsaslarını təhqir edirlər ki, bu da insanların mənəviyyatının təhqirinə səbəb olur. Buna münasibət bildirilməlidir». O yazıçı Rafiq Tağı ilə bağlı məsələni fetişləşdirmək istəmədiyini deyib. "Biz düşünmürük ki, R.Tağı mütləq azad edilməli və ya həbs edilməlidir. Bu insanlar eyni zamanda cəzasız da qalmamalıdır. Bunu məhkəmə müəyyən edəcək". Ə.Həsənov məhkəmədə Rafiq Tağının, vəkilin və jurnalistlərin təhqir olunmasını çox pis qarşılayır. "Hər bir insan qanunlar daxilində hərəkət etməlidir. Başqasını təhqir etmək, hüquqlarını pozmaq, başqalarına qarşı yolverilməz aksiyalar keçirmək yolverilməzdir. Dindarların heysiyatına toxunulması da pislənməlidir, dindarların öz hisslərini bu şəkildə biruzə verməsi də yaxşı hal deyil". Azərbaycan hakimiyyəti Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirdiyini iddia etsə də Avropa Şurasının yaz sessiyasında bu ölkənin öhdəlikləri ilə bağlı məruzə dinləniləcək. Cənab Həsənov məruzənin bəzi məqamlarının Azərbaycanı qane etmədiyini deyib. «Hər bir hökumətdə problemlər, neqativ proseslər də ola bilər. Ancaq bunu ümumiləşdirib Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərə əlavə etmək ədalətsizlikdir. AŞ daxil olarkən götürdüyümüz bütün öhdəliklərə əməl edilib. İndi AŞ-nin sessiyasında müzakirə ediləcək məsələlərin Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərə heç bir aidiyyatı yoxdur. İstənilən ölkədə belə problemlər ola bilər. Sadəcə olaraq bunları Azərbaycana qarşı spesifik məsələ kimi müzakirəyə çıxarmaq ədalətsizlikdir. Bizim nümayəndə heyəti də müzakirələrdə mövqeyimizi bildirəcək". Onun sözlərinə görə, həmməruzəçilərin ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı hazırladığı məruzə tam qaneedici deyil."Məruzəçilərin təqdim edəcəyi məruzə Azərbaycan hökumətinə göndərilib və tanışıq. Bəzi məqamlar bizi qane etmir və nümayəndə heyətimiz münasibət bildirəcək".- Şöbə müdiri yaxın günlərdə Bakıya «Seçki Məcəlləsi»nə dəyişikliklər etmək məsələlərinin müzakirəsi üçün Avropa Şurasının Venetsiya komissiyasının nümayəndələrinin gələcəyini deyib. Onun sözlərinə görə, Venesiya komissiyası seçki komissiyalarının paritet əsasında yaradılmasını təklif edir. "Lakin Azərbaycan tərəfi seçki komissiyalarında siyasi qüvvələrdən hər hansı birinin çoxluq təşkil etməsinin əleyhinədir".
XS
SM
MD
LG