Accessibility links

Azərbaycanda amnistiya doqquz min məhbusu əhatə edəcək


Deputat Mehriban Əliyeva Milli Məclisə «Amnistiya haqqında» qanun layihəsi təqdim edib. Paralmentin daimi komissiyaları qanun layihəsini bu gün müzakirə edib və bəyənib. Milli Məclisin mayın 8-də keçiriləcək plenar iclasının sənədin müzakirəsi olacaq. Amnistiya mərhum prezident Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə təsadüf edir. Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova «Amerikanın səsi» radiosuna bildirib ki, amnistiya ümilikdə 9 min məhbusu əhatə edəcək. Xanım Aslanovanın sözlərinə görə, siyahıya ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, 1-ci qrup əlillər, 60 yaşına çatmış kişilər, cinayət törədərkən 18 yaşı olmayanlar, himayəsində yetkinlik yaşına çatmayan və ya 1-ci və 2-ci qrup əlil övladları olan kişilər, suverenlik və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, qaçqınlar, məcburi köçkünlər daxildir. Komissiya sədri amnistiya aktının siyasi məhbus adlandırdılan şəxslərə şamil edilməsinin mümkünlüyü ilə bağlı bir qədər ziddiyyətli danışıb. Həbsdə olan jurnalistlərin amnistiyaya düşəcəyi də sual altındadır. Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu amnistiya aktının qəbulunu zəruri sayır. Onun fikrincə, bu akt həm də məhkəmələrin ədalətsiz qərarları ilə həbsə atılmış çoxsaylı insanın hüquqlarının bərpası üçün bir addımdır. Xanım Cəfəroğlu amnistiyanın çox az sayda siyasi iddialarla həbs olunmuş məhbuslara şamil ediləcəyini düşünür.
XS
SM
MD
LG