Accessibility links

Azərbaycanda doqquz min məhbusa amnistiya elan edilib 


Milli Məclis Novruz bayramı münasibətilə amnistiya elan olunması haqqında qərar qəbul edib. Amnistiya 9 min məhbusu əhatə edəcək. Onlardan 1700 nəfəri həbsxanadan azadlığa buraxılacaq, daha 1200 məhbusun isə cəzası azaldılacaq.
Qanun layihəsini birinci xanım, Milli Məclisin deputatı Mehriban Əliyeva qanunvericilik təşəbbüsü ilə təqdim edib. Xanım Əliyeva bildirib ki, hər bir amnistiya aktının qəbulu humanizm ideyasının qələbəsidir. Allahın insana verdiyi ömür hər bir şeydən uca və dəyərlidir. Hər bir insan ləyaqətlə, azad yaşamağa layiqdir.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynovun dediyinə görə, amnistiya aktı 9 min şəxsə şamil ediləcək və bu Azərbaycandakı məhkumların 35 faizi deməkdir.
Bununla yanaşı, bir çox deputat amnistiya aktının ölkədə siyasi məhbus problemini həll etmədiyini bildirir. Deputat Pənah Hüseyn bir qədər öncə siyasi məhbusları da əhatə edən amnistiya haqqında qanun layihəsi ilə parlamentə müraciət edib. Ancaq parlament cənab Hüseynin təqdim etdiyi qanun layihəsini müzakirəyə çıxarmayıb.
Deputat siyasi məhbuslarla bağlı problemin həlli üçün əfv fərmanının verilməsini optimal yol sayır.
Deputat Fazil Qəzənfəroğlu həbsdə olan jurnalistlərin də bayram günlərində azad edilməsini vacib sayır. Onun fikrincə, həbsdə olan jurnalistlərin günahı yoxdur.
Deputat Cəmil Həsənli amnistiya aktını yüksək qiymətləndirir. Onun fikrincə, siyasi məhbus problemi və jurnalistlərin həbsdən azad edilməsi məsələsi də həllini tapmalıdır.
Həbsdə olan jurnalistlərin ailə üzvləri də amnistiya aktını müsbət qarşılayır. Satirik yazar Mirzə Sakitin həbs müddətinin başa çatmasına 3 ay qalıb. O amnistiya qanunu ilə azadlığa buraxılacaq. Jurnalistin ailəsi isə hələ də bayram süfrəsi bəzəməyib. Jurnalistin həyat yoldaşı Rəna xanım deyir ki, neçə illərdir ailə üzvləri cənab Sakiti bayram süfrəsi başında görmək üçün tələsir.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin ailəsi də amnistiya aktını müsbət qarşılayır. Bununla yanaşı, ailə üzvləri cənab Zahidə qarşı amnistiya aktının tətbiq edilməyəcəyindən məyusdur. Jurnalistin həyat yoldaşı Ayəndə xanım ümidini Avropa Şurasına bağlayıb.



XS
SM
MD
LG