Accessibility links

Azərbaycan Seçki Monitorinq Mərkəzinin qeydiyyatının ləğvini beynəlxalq təşkilatlar narahatlıqla qarşılayıb


Seçki Monitorinq Mərkəzinin qeydiyyatının ləğvi beynəlxalq və yerli təşkilatlar tərəfindən narahatlıqla qarşılanıb. Belə ki, beynəlxalq səviyyədə seçkilərin müşahidə təcrübəsinə malik qurum bu ilin fevralında Ədliyyə nazirliyində qeydiyyata alınmışdı. May ayında isə nazirliyin iddiası ilə mərkəzin qeydiyyatı ləğv edilib. Təşkilatın qeydiyyata alınması ABŞ səfirliyi, ATƏT və bir sıra digər təşkilatlar tərəfindən alqışlanmışdı. Bundan bir qədər sonra həmin təşkilatlar əks bəyanatlarla çıxış etməyə məcbur qalıblar. Belə ki, ABŞ-ın səfiri Enn Dersi Turan Agentliyinə bildirib ki, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Seçki Monitorinq Mərkəzini (SMM) qeydiyyatdan keçirmək barədə əvvəlki qərarına əməl etməyə çağırır. "Biz SMM-in bir neçə müraciətdən sonra 2008-ci ilin fevralında qeydiyyata alınmasını təkmilləşmiş seçki prosesinə doğru vacib addım kimi salamladıq. Həmin vaxt belə görünürdü ki, Azərbaycan hökuməti SMM kimi yerli müşahidəçilərin öz işini maneəsiz görə bilməsinin Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin şəffaf keçirilməsi uçun müstəsna əhəmiyyətə malik olduğunu başa düşür. Odur ki, biz Ədliyyə Nazirliyinin SMM-in qeydiyyatının ləğv olunmasına dair hüquqi prosedura başlamasından və məhkəmənin mayın 14-də Nazirliyin xeyrinə qərar çıxarmasından dərin narahatlıq keçiririk. Biz Azərbaycan rəhbərliyini bu vəziyyəti düzəltmək üçün müvafiq addımlar atmağa çağırır və bununla da demokratik institutları gücləndirmək, qanunun aliliyini təmin etmək, insan haqlarını müdafiə etmək, söz, təşkilatlanmaq və toplaşmaq kimi fundamental azadlıqlara hörmət etmək kimi öhdəliklərini vurğulayırıq"- deyə səfir bildirib. Norveçin Azərbaycandakı səfirliyi də Seçki Monitorinq Mərkəzinin qeydiyyatının ləğvi ilə bağlı təəssüfünü bildirib. "Norveçin Bakıdakı Səfirliyi Seçki Monitorinq Mərkəzinin qeydiyyatının ləğv olunması üzrə məhkəmə qərarından təəssuflənir. Biz inanırıq ki, qarşıdan gələn seçkilərin Azərbaycanın Beynəlxalq öhdəliklərinə uyğun, azad və ədalətli keçirilməsini təmin etmək üçün müstəqil qurumların müşahidəsi və monitorinqini həvəsləndirən hər bir addım atılmalıdır", - deyə səfirliyin məlumatında qeyd edilir. Seçki Monitorinq Mərkəzinin sədri Anar Məmmədli isə mərkəzin qeydiyyatının ləğvini siyasi qərar adlandırır.
XS
SM
MD
LG