Accessibility links

Azərbaycan ekspedisiyasi Cənub qütbündə 


Azərbaycan-Antarktida ekspedisiyası Antarktida qitəsində Vinson dağının zirvəsini və Cənub qütbünü fəth edib. Bu barədə ekspedisiyanın rəhbəri, Ekologiya və Təbii Sərvətlər naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseynqulu Bağırov "Amerikanın səsi" radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, ekspedisiya 31 gün Antarktida qitəsində olub. "Ekspedisiya ötən il dekabrın 30-da Çilinin Punta Arenas şəhərindən Antarktidadakı Patriot-Hills stansiyasına təyyarə ilə uçub. Sonra piyada və xizəklərlə qitənin cənubuna doğru irəliləyib. Güclü tufan, şiddətli və şaxtalı hava şəraiti olduğuna görə qrup üzvləri yalnız 12 günə Antarktidanın ən yüksək nöqtəsi olan Vinson (dəniz səviyyəsindən 5140 metr yüksəklik) dağının zirvəsinə çatıb".
Nazir deyib ki, ekspedisiya yanvarın 26-da Cənub qütbünə çatmağa da müvəffəq olub. Həm Vinson dağında, həm də Cənub qütbündə Azərbaycan bayrağı, Heydər Əliyev və İlham Əliyevin şəkilləri əks olunmuş nişanlar sancılıb. "Cənub qütbünün yaxınlığındakı Amerikanın "Amundsen-Scott" bazasında bizə dedilər ki, Azərbaycan ekspedisiyası islam, türk və MDB ölkələrindən Cənub qütbünə piyada, xizək və buzda yerimək üçün qarmaqlı çəkmədən istifadə etməklə çatan ilk qrupdur".
Nazir bildirib ki, ilk "Azərbaycan-Antarktida" ekspedisiya qrupu orta temperaturu təxminən mənfi 35-40 dərəcə olan buzlu qitənin ərazisində elmi-tədqiqat işləri həyata keçirib, iqlim və meteoroloji proseslərlə bağlı 500-dən artıq müşahidə-ölçmə işləri aparıb. Cənab Bağırov ekspedisiyanın həyata keçirilməsi üçün 250 min manat sərf olunduğunu deyib. "Vəsaitin böyük hissəsi "Qərb" universiteti və kiçik bir hissəsi isə şəxsi vəsaitim hesabına ödənilib. Ekspedisiya mənim məzuniyyət dövrümdə həyata keçirilib"-deyə nazir qeyd edib.


XS
SM
MD
LG