Accessibility links

«Gündəlik Azərbaycan» qəzetinin baş redaktorunun apellyasiya şikayətinə baxılır


Bakı Apellyasiya Məhkəməsində «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevin şikayəti üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. O, birinci instansiya məhkəməsinin çıxardığı qərarın qüvvədə saxlanmasını, apellyasiya şikayətinin təmin olunmamasını istəyib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə cənab Fətullayevi Cinayət Məcəlləsinin terrorçuluqla hədələmə, qulluq mövqeyindən istifadə etməklə milli düşmənçiliyin salınması, külli miqdarda vergidən yayınma üzrə təqsirli bilərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Baş redaktorun vəkilləri Aydın Nəzərli və İsaxan Aşurov məhkəmədən ittihamçısının tələbinin təmin edilməməsini istəyib. Cənab Aşurov dövlət ittihamçısına müraciət edərək bildirib ki, o öz çıxışı zamanı başını yuxarı belə qaldırmayıb. «Çünki bu çıxış uca başla, dik dayanmaqla edilə bilməzdi». Vəkil həmçinin işə sonda Avropa İnsan Haqları məhkəməsində baxılacağını xatırladıb. «Hökmün qüvvədən salınması barədə qərar çıxarmağınızı xahiş edirəm. Məsələ Avropa Məhkəməsində qaldırılarsa, bu, Azərbaycana başucalığı gətirməyəcək». Baş redaktor isə məhkəmənin sifarişi yerinə yetirdiyini və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyib. «Məni niyə tutmusunuz? Bu mənə aydın deyil. İttiham aktında göstərilib ki, guya mən hökuməti terrorla hədələmişəm. Ancaq istintaq materiallarında bununla bağlı hər hansı hökumət qurumunun şikayəti yoxdur».
XS
SM
MD
LG