Jurnalistlərin aclıq aksiyası yeddinci gündür davam edir. Bu gün ABŞ, Böyük Britaniya və ATƏT-in diplomatik missiyasının təmsilçiləri aclıq edən jurnalistlərə baş çəkib, KİV redaktorları ilə görüşüb.
ABŞ səfirinin ictimai-siyasi şöbəsinin müdiri Con Polaşik bildirib ki, diplomatlar jurnalist təşkilatlarını və redaktorları narahat edən məsələlərlə tanış olub. Sonra diplomatların birgə bəyanpatını oxuyub:"Biz buraya Redaktorlar Birliyi və Jurnalist Təşkilatları işçi qrupunun nümayəndələri ilə görüşüb, onları narahat edən məsələlər barəsində daha çox məlumat toplamaq üçün gəlmişik.
Biz hesab edirik ki, son hadisələr Azərbaycanda müstəqil KİV-lə bağlı ümumi mühitin pisləşməsinə işarə edir.
Biz Azərbaycan rəsmilərinə üz tutaraq, onları jurnalistlərə qarşı zor tətbiq edənləri, o cümlədən Elmar Hüseynovun qatillərini taparaq, qanun əsasında cəzalandırmağa çağırırıq.
Azərbaycan hökumətini böhtan zəminində yaranmış işlərin Cinayət Məcəlləsi yox, məhz Mülki Məcəllə çərçivəsində, jurnalistlərə və qəzetlərə qarşı böhtan iddialarının isə alternativ olaraq Mətbuat Şurası vasitəsilə baxılmasına çağırırıq.
Eyni zamanda, Azərbaycan jurnalistlərini öz işində peşakarlıq, etika və obyektivlik prinsiplərini əsas tutmağa çağırırq. Öz növbəmizdə biz bu sahədə təlimlərin keçirilməsi üçün öz səylərimizi davam etdirəcəyik.
Milli Teleradio Şurasına üz tutaraq onları gündəmdə olan ANS, LIDER və digər telekanalların lisenziyalarının təsdiq edilməsinə çağırırıq. Bununla yanaşı, "Amerikanın səsi", "Azadlıq" və "Bi-Bi-Si" kimi tele və radiokompaniyalarla işləyərək onların Azərbaycanda mümkün qədər geniş auditoriyaya yayımını təmin etməyi xahiş edirik.
"Azadlıq" qəzeti və digərlərinin yerləşdikləri binadan çıxarılmasına gəlincə, ümidvarıq ki, bu məsələ mövcud qanunvericiliyə uyğun olan və KİV azadlığına xələl gətirməyən şəkildə həllini tapacaq".
Diplomatlarla görüşdən sonra jurnalistlər Dövlət Əmlak Komitəsinin binası qarşısında «Azad mətuabatdan əlini çək!» şüarı ilə piket keçirməyə cəhd edib. Cəhdin qarşısı polis tərəfindən alınıb.
Piketin qətnaməsində «Azadlıq» qəzetinin binadan çıxzarılması ilə bağlı cəhdlərə son qoyulması, mətbuata qarşı məhkəmə və vergi cərimələrinə amnistiya elan olunması, satirik-yazar Mirzə Sakitə azadlıq, ANS teleradio şirkətinə, «Ameriakının səsi», «Azadlıq» və BBS radiolarına qarşı təzyiqlərin dayandırılması tələb olunur.