Accessibility links

ATƏT-in sədri müxalifətlə görüşündə mətbuat, seçki və demokratiya məsələlərinə toxunub


ATƏT-in fəaliyyətdə olan sədri, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinosun müxalifət partiyalarının liderlərilə görüşü keçirilib. Görüşdə "Müsavat", «Xalq Cəbhəsi», "Vətəndaş və İnkişaf", "Demokratik İslahatlar" partiyalarının və "Vətəndaş Cəmiyyəti Uğrunda» Forumun rəhbərləri iştirak edib.

"Milli Birlik" hərəkatının lideri Lalə Şövkət bildirib ki, görüşdə Qarabağ münaqişəsi və Azərbaycanda demokratiyanın inkişafı məsələləri müzakirə edilib. Onun sözlərinə görə, azad mətbuata qarşı təzyiqlər də diqqət mərkəzində olub. Xanım Şövkətin dediyinə görə, cənab Moratinos prezident İlham Əliyevin müxalifət liderlərilə görüş keçirəcəyinə və Qarabağ münaqişəsinin gələcək nizamlanması məsələsini müzakirə edəcəyinə ümid edir.

ATƏT-in fəaliyyətdə olan sədri Migel Anhel Moratinos isə prezident İlham Əliyevlə Azərbaycanda media azadlığı ilə bağlı vəziyyəti müzakirə etdiyini bildirib. «ATƏT Azərbaycanda söz və mətbuat azadlığı sahəsində vəziyyətin normallaşması üçün bütün səylərini ortaya qoymağa hazırdır. Demokratik cəmiyyətlər informasiya azadlığına və fikir plüralizminə söykənir. ATƏT-in Bakı ofisi söz azadlığının vəziyyətinin yaxşılaşmasına və yeni jurnalist nəslinin formalaşmasına yönəlmiş bir sıra layihələr paketi həyata keçirmək niyyətindədir. Azərbaycanda çoxsalyı mətbuat orqanları var. Bu gənc, dinamik Azərbaycan cəmiyyəti üçün yaxşı çağrışdır».

Cənab Moratinos 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə də toxunub. «Biz 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinin maksimum demokratik keçirilməsinin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik. ATƏT azad və ədalətli seçkilərin hazırlanmasında, təşkilində böyük təcrübəyə və nüfuza malikdir»-deyə o qeyd edib.

XS
SM
MD
LG