Accessibility links

ATƏT-in sədri Minsk Qrupunun həmsədrləri ilə görüşüb


Dünən Madriddə ATƏT-in fəaliyyə olan sədri, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinosun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü olub. ATƏT-in Vyana ofisinin bəyanatında deyilir ki, cənab Moratinos Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışında münaqişə tərəflərinə yardım etmək məqsədilə İspaniyanın həmsədrlərin səylərini dəstəkləməyə hazır olduğunu bildirib. Vasitəçilər Azərbaycan və Ermənistan arasında aparılan danışıqların hazırkı mərhələsi barədə ATƏT-in fəaliyyətdə olan sədrini ətraflı şəkildə məlumatlandırıb. "Həmsədrlər gərgin bir şəraitdə fəaliyyət göstərib və tərəflərin mövqelərinin yaxınlaşması üçün bütün səylərini ortaya qoyublar. Mən Ermənistan və Azərbaycan hakimiyyətlərini mövcud siyasi şəraitə uyğun tədbirlər görməyə və bu uzanmış münaqişədə razılığın əldə olunması üçün əllərindən gələni etməyə çağırıram", - deyə ATƏT-in fəaliyyətdə olan sədri bildirib. Cənab Moratinos qeyd edib ki, Bakıya və Yerevana gözlənilən səfər zamanı o, ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə tam dəstək verdiyini bəyan etmək niyyətindədir. Bu gün və sabah Minsk Qrupunun həmsədrləri həmçinin Strasburq şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə də görüşəcək.
XS
SM
MD
LG