Accessibility links

Avropa Şurası Azərbaycanda həbsxana islahatlarını dəstəkləyir


Avropa Şurası və Azərbaycan Ədliyyə Nazirliyi "Azərbaycanda həbsxana islahatlarına dəstək - 2008-2009" layihəsinin təqdimatını keçirib. Layihə Norveç hökuməti tərəfindən maliyyələşdirilir və Azərbaycan həbsxanalarında Avropa standartlarına uyğun islahatları həyata keçirmək üçün ehtiyacları müəyyənləşdirəcək.
AŞ Baş katibinin Azərbaycandakı nümayəndəsi Veronika Kotek bildirib ki, proqrama uyğun olaraq, həbsxanalarda vəziyyəti və davranışları nəzərdən keçirib, islahatlara başlamaq lazımdır. "Yeni layihənin əsas məqsədi həbsxana işçiləri üçün təlim mərkəzi təşkil etmək, həbsxana işçilərinin professional bacarıqlarının səviyyəsini yüksəltmək və bunun köməyi ilə məhbusların insan haqlarını müdafiə etmək üçün dəstək göstərməkdir. Eyni zamanda, layihə həbsxanalarda xəstəliklərin qarşısını almaq və sağlamlığı təşviq etmək vasitəsilə tibbi xidmətin təminatını inkişaf etdirmək, alternativ cəzaların və ölçülərin istifadə edilməsini tətbiq etmək, Azərbaycanda Sınaq Xidmətinin təsis edilməsinə dəstək verməkdir".

Onun fikrincə, həbsxanada insan haqları tam qorunmalıdır. Həbsxana həyatı kifayət qədər qısa olmalıdır ki, insanlar sonradan normal həyata adaptasiya oluna bilsin. "Başa düşürük ki, həbsxanada cənnət yaradılmayacaq, ancaq cəhənnəm də olmamalıdıdr".

Ədliyyə Nazirliyinin təmsilçisi Azər Seyidov bildirib ki, Azərbaycan penitensiar xidmətdə islahatları davam etdirməkdə israrlıdır. Azərbaycan eyni zamanda Avropa Şurasının layihələrinin həyata keçirilməsində maraqlıdır.

Norveçin Azərbaycandakı səfiri Con Ramberq hesab edir ki, Norveç hökumətinin maliyyələşdirdiyi bu layihə həbsxanalarda vəziyyətin kəskin yaxşılaşmasına xidmət edir. "Layihənin əsas məqsədi məhbusların hüquq və azadlıqlarının qorunmasında Azərbaycan hökumətinə kömək etməkdir" - deyə o qeyd edib.

XS
SM
MD
LG