Dünən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin qərargahında ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Nikolas Börnslə görüşüb. Görüşdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza da iştirak edib.
N.Börns qapalı keçirilən görüşdən sonra bildirib ki, müzakirələr səmərəli olub. "Bir qədər əvvəl Ermənistanın xarici işlər naziri ilə də görüşmüşəm. Bu müzakirələrlə davamlı məşğul olacağıq. Ümid edirik ki, Dağlıq Qarabağ üzrə danışıqlarda irəliləyişə təkan verə biləcəyik".
O, enerji məsələlərinə dair yaxşı fikir mübadiləsi aparıldığını da deyib. "Amerika Azərbaycanı hasilatçı və tranzit ölkə baxımından dünyada ən mühüm regionlardan biri hesab edir. Bu sahədə uğur əldə etməsi üçün Azərbaycana əlimizdən gələn köməyi edəcəyik. Azərbaycan Mərkəzi Asiya və Qafqazı Avropa ilə birləşdirən nadir coğrafi mövqeyə malikdir. Xüsusilə də, Azərbaycan qazını Avropaya nəql edəcək layihə böyük əhəmiyyət kəsb edir. ABŞ hökuməti Avropanın qaz təminatında bir ölkənin dominatlıq etməsinin əleyhinədir, bu sahədə müxtəliflik görmək istəyirik. Bu sahədə Azərbaycan hökuməti ilə yüksək səviyyədə müzakirələr planlaşdırırıq".
Dövlət katibinin müavini Azərbaycan xarici işlər naziri ilə İran haqqında da danışdıqlarını vurğulayıb. "Naziri ABŞ-ın BMT TŞ-də İrana qarşı sanksiyaları dəstəkləməkdə davam edəcəyi barədə məlumatlandırdım. Biz İran hakimiyyətinin "Həmas"ı, "Hizbullah"ı, İraqdakı şiə qruplaşmaları və Əfqanıstanda talibləri silahlandırmaq və maliyyələşdirmək cəhdinin əleyhinəyik".
N.Börns ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparıldığını da deyib. "Azərbaycanın demokratik inkişafını, insan haqları və media azadlığı sahəsində irəliləyişlər görmək arzularımızı çatdırdıq. Biz Azərbaycanı ABŞ-a tərəfdaş hesab edirik", - deyə dövlət katibinin müavini qeyd edib.