Accessibility links

Azərbaycan və Ermənistan prezidentləri Fransada görüşəcək


Bu ilin fevralında Azərbaycan və Ermənistan prezidentlərinin Fransada keçiriləcək görüşündə Ermənistan-Azərbaycan münaqişəsinə dair hər hansı sənədin imzalanması nəzərdə tutulmur. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Nazir müavini eyni zamanda, müzakirələrin siyasi və texniki məsələləri əhatə etdiyini vurğulayıb. Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın Londonda 4 bənddən ibarət layihənin müzakirəsinə dair fikirlərini şərh edən cənab Əzimov deyib ki, bu imzalanma üçün nəzərdə tutulan sənəd deyil, sadəcə həmsədrlərin bəzi fikirləridir - tərəflərin müzakirəsi üçün işçi sənəd olub. Nazir müavini yanvarın 18-19-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin London danışıqlarında işğal olunmuş ərazilərin mərhələli azad olunması məsələsinin müzakirə edildiyini bildirib. Cənab Əzimov bəzi prinsipial məsələlər üzrə çətinliyin olduğunu da diqqətə çatdırıb. Nazir myavini həmçinin ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun üç nümayəndəsinin münaqişə zonasında işlədiyni bildirib. Onun sözlərinə görə, zabitlər yerli şəraiti öyrənir və bu qurumun hazırladığı planları dəqiqləşdirir. Beynəlxalq vasitəçilərin nikbin bəyanatlarına münasibət bildirən Araz Əzimov onları emosional adlandırıb. Eyni zamanda, nazir müavini ümid edir ki, mövcud imkanlardan düzgün istifadə olunsa, proses irəliləyə bilər.
XS
SM
MD
LG