Accessibility links

Bakıda Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin forumu keçirilib


Bu gün Bakıda Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu açılıb. Forumda 48 ölkədən 513 nümayəndə, o cümlədən 73 azərbaycan, 150 türk diaspor təşkilatının rəhbərləri, 172 xarici ölkəni təmisl edən qonaqlar iştirak edir.

Toplantıya Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan, Şimali Kipr türklərinin lideri Mehmet Əli Tələt də qatılıb. Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə ən yüksək fikir birliyi var və bu birlik əbədidir.

Cənab Əliyev bölgədə həyata keçirilən böyük layihələrdən də danışıb. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də inşa olunacaq Bakı-Tbilsi-Qars dəmiryolu xətti iki ölkənin dünyada potensialını daha da önəmli edir.

Azərbaycan prezidenti hesab edir ki, diaspor təşkilatları ölkələrin siyasi və biznes mühitində daha da fəal olmalıdır. Onun fikrincə, yalnız bu yolla erməni lobbi təşkilatlarına qarşı mübarizə aparmaq olar. Dövlət başçısı erməni lobbisini türk dünyasına qarşı siyasətlərində dəyişiklik etməyə çağırıb. Prezident hesab edir ki, bu olmazsa ermənilər öz gələcəklərini sual altında qoyur.

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın fikrincə, Şimali Kipr türklərinin lideri Mehmet Əli Tələtin toplantıda iştirakı xüsusi əhəmiyyət kəsb edir. Baş nazirin sözlərinə görə, dünyanın 118 ölkəsində beş milyon Türkiyə vətəndaşı var. Onlar artıq həmin ölkələrdə işçi əhalidən işverən əhaliyə çevrilib, siyasi və biznes aləmində önəmli yer tutur.

Ermənilərin Türkiyəyə qarşı soyqırım iddialarına toxunan cənab Ərdoğan tarixçi və hüquqşünaslardan ibarət birgə komissiya yaradılması ilə bağlı Ermənistan prezidentinə göndərdiyi təklifini xatırladıb. “Onlar bu təklifə cavab vermədilər. Çünki bilirdilər ki, biz onların qarşısına Xocalı soyqırımını qoyacağıq. Xocalı soyqırımı çox yaxın illərdə baş verən qətliamdır». Baş nazir Azərbaycan torpaqlarının işğalını Türikyənin qanayan yarası adlandırıb və dünyanın buna biganə qalmasına acıdığını bildirib.

Şimali Kiprin Türk Cümhuriyətinin prezidenti Mehmet Əli Tələt türk xalqlarının forumuna qatılmasını Şimali Kiprin təcriddən çıxarılması yolunda mühüm addım adlandırıb. Onun sözlərinə görə, artıq Şimali Kipr Türk Cümhuriyyətini müdafiə edən ikinci türk cümhuriyyəti var, məhz bu Azərbaycandır.

Bu gün Bakıda Türkiyə səfirliyinin yeni binasının açılış mərasimi də olub. Mərasimdə Azərbaycan prezidenti və Türkiyə baş naziri iştirak edib. Səfirlik binası qarşısında iki ölkə rəhbəri birgə Türkiyə bayrağını qaldırıb.

XS
SM
MD
LG