Accessibility links

Azərbaycan “Seçki Məcəlləsi”nə  dəyişiklik edəcək


Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin daimi komissiya sədrlərinin iştirakı ilə mətbuat konfransı keçirib. Mətbuat konfransında əsasən payız sessiyasında qəbul edilən sənədlər və yaz sessiyasında görüləcək işlərdən danışılıb. Xanım Muradova 2007-ci ildə Milli Məclisin 33 plenar iclasının keçirildiyini deyib. Vitse-spiker parlamentin yaz sessiyasında isə Təhsil Haqqında, Məişət zorakılığının qarşısının alınması haqqında, Hərbi qulluqçuların intizam həbsi haqqında qanunların və ümumilikdə 20 sənədin müzakirə ediləcəyini bildirib. Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev yaz sessiyasında, həmçinin “Seçki Məcəlləsi”nə dəyişikliklər ediləcəyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan tərəfi beynəlxalq təşkilatlarla birgə seçki məcəlləsinə ediləcək dəyişikliklərlə bağlı ciddi iş aparır. Fevralın əvvəlində növbəti görüş keçiriləcək və görüş uğurla başa çatsa qanun layihəsi dövlət başçısına təqdim ediləcək, sonra isə Milli Məclisin müzakirəsinə çıxaracaq. Milli Məclis aparatının rəhbəri “Sərbəst toplaşma azadlığı haqqında” qanun layihəsinin də fevral ayında müzakirəyə çıxarılacağını bildirib. Qeyd edim ki, seçki komissiyalarının paritet əsasda təşkili və vətəndaşların toplaşmaq azadlığı ilə bağlı problemlər artıq illərdir ki, müxalifət tərəfindən qaldırılır. Müxalifətdə olan siyasi partiyalar mövcud seçki komissiyalarının paritet əsasda təşkilində iradlıdır. Onlar hazırkı komissiyaların seçkilərin demokratikliyini təmin edə bilmədiyi fikrindədir. “Müsavat” partiyasının başqanı İsa Qəmbər buna etiraz olaraq başçılıq etdiyi qurumun mərkəzi seçki komissiyasında təmsil olunmaqdan imtina etdiyini deyir. “Müsavat” başqanı eyni zamanda “Sərbəst toplaşma azadlığı haqqında” qanuna və sənədin icrası ilə bağlı mexanizmlərdə dəqiqləşdirmələr aparılmasına ehtiyac duyulduğunu önə çəkib.
XS
SM
MD
LG