Accessibility links

Azərbaycanda 20 Yanvar faciəsi qurbanları yad edilir


20 Yanvardan 18 il keçir və hər il canını azadlığa qurban vermiş insanlar ölkə əhalisi tərəfindən ehtiramla yad edilir. Yüz minlərlə insan azadlıq aşiqlərinin ziyarətinə çıxır. İnsanların kədər dolu çöhrələrində qəhrəmanlara ehtiram dolu qürur hissləri görünür. Bu gün Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət rəhbərləri şəhidlər xiyabanını ziyarət edib, diplomatik missiyaların başçıları Azərbaycan xalqına başsağlığı verib. Saat 12.00-da ölkə ərazisində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, gəmilər və qatarlar matəm fiti çalıb. 20 yanvar faciəsi ilə bağlı dünyanın onlarla ölkəsində bu gün müxtəlif tədbirlər də keçirilib. Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimovun fikrincə, həmin tədbirlərdə həm faciə, həm də faciəni doğuran səbəblər və onun nəticələri barədə məlumatlar verilir. ABŞ-ın Azərbaycandakı səfirliyi də Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin şəhidlərinə ehtiramını bildirib. ABŞ səfirinin müavini Donald Lu 20 Yanvarı Azərbaycan xalqının qürur doğuran günü adlandırıb. 1990-cı il yanvarın 20-də gecə 60 mindən çox qoşun hissələri xəbərdarlıq etmədən ağır texnikalarla paytaxt Bakıya daxil olub və dinc insanları gülləbəran edib. Həmin gecə 140 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər həbs olunub. Keçmiş SSRİ Ordusunun Bakıdakı qəddarlıq tarixi beynəlxalq ictimaiyyətin ciddi narazılığına səbəb olub. Qırmızı kommunist faşizminin bir gecədə Bakıda yüz minlərlə insana qənim kəsilməsinin ən yaxşı təsvirlərindən birini Rusiyanın «Şit» təşkilatı verib. Təşkilatın o zamankı hesabatında deyilir ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. «Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi». Təşkilatın hesabatında keçmiş Sovet ordusunun qəddarlığı belə təsvir olunub. « Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələnib. Məsələn, Meyeroviçə 21, Xanməmmədova 10-dan çox, Rüstəmova 23 güllə vurulub, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulub, həkimlər öldürülüb, adamlar süngü-bıçaqla qətlə yetirilib. Onların arasında hər iki gözü çıxarılmış Yefimtsev də var». Qurbanlardan biri də Yaşar Nəcəfovdur. O həmin müdhiş gecə 7 güllə yarası alıb. Elçin Quliyevi isə güllə iş yerində, çörək maşınında yaxalayıb. Onun çörək maşınını tank tapdalayıb. Azərbaycan hökuməti 20 Yanvar qurbanlarının ailələrinə diqqətlə yanaşır və son dövrlər onların sosial vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra sənədlər imzalanıb. 20 Yanvar cəmiyyətinin sədri Sultan Əzimzadənin sözlərinə görə, hazırda Azərbaycanda 156 20 yanvar şəhid ailəsi, 338 nəfər əlil və 800-dən çox zərər çəkmiş yaşayır. 20 Yanvar faciəsinin kulminasiyası İlham və Fərizənin dastanıdır. İlham sovet ordusunun qəddarlığına dözməyib insanları xilas etmək üçün sinəsini atəşin qabağına verib. İlhamın yoxluğuna dözməyən Fərizə xanım isə xalq üçün sevgi simvolu Leyli həyatını təkrarlayıb və canını sevgisi yolunda fəda edib. İndi İlham və Fərizə şəhidlik zirvəsində əbədilik bir-birinə qovuşub. Onların məhəbbət dastanı xalq tərəfindən sevgililər günü kimi qeyd edilir.

XS
SM
MD
LG